ABŞ-ın dövlət katibi Reks Tillerson İŞİD terror qruplaşması ilə mübarizənin Vaşinqtonun əsas prioriteti olduğunu bildirib. “Hesab edirik ki, bizim birinci dərəcəli prioritetimiz İŞİD üzərində qələbədir”, – deyə R.Tillerson CBS telekanalının müxbirinin ABŞ-ın Suriyaya qoşun yeritmək planının olub-olmamasına dair sualına cavab verərkən qeyd edib.
“Düşünürəm ki, İŞİD təhlükəsi azaldıqdan və ya ləğv edildikdən sonra diqqətimizi artıq Suriyada vəziyyətin sabitləşməsinə yönəldə bilərik”, – deyə dövlət katibi vurğulayıb.
Qeyd edək ki, R.Tillerson ötən həftə Ankarada rəsmi səfərdə olarkən Suriya prezidenti Bəşər Əsədin taleyini yalnız Suriya xalqının həll etməli olduğunu bəyan edib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli isə Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasının artıq ABŞ üçün prioritet olmadığını qeyd etmişdi.
Yaranmış durumu şərh edən hərbi ekspert Azad İsazadə bildirib ki, ABŞ hərbi baxımdan Suriyada real hərbi gücünü nümayiş etdirməyə başlayıb. O qeyd edib ki, ABŞ 2011-ci ilin martında Suriyada başlayan vətəndaş müharibəsində ilk dəfə olaraq “Tomaqavk” uzaqmənzilli raketlərindən və hərbi gəmilərdən istifadə edib İŞİD-ə havadan zərbələr endirir: “Bundan öncə hərbi təyyarədən də istifadə olunmurdu. ABŞ bundan öncə Suriyada ancaq xüsusi təyinatlı qüvvələrdən istifadə edirdi. Onlar da daha çox təlimçi formasında müxalif qüvvələri döyüşlərə hazırlayırdı. Ümumiyyətlə, ABŞ indiyədək Suriyada bir-iki dəfə kiçik əməliyyat keçirib. Amma budəfəki real, böyük, güclü hərbi əməliyyat idi. Hərbi baza hava zərbələri nəticəsində darmadağın edildi”.
A.İsazadə onu da bildirib ki, Bəşər Əsədin devrilməsi ABŞ üçün prioritet olmasa da, rəsmi Vaşinqton yeni formalaşacaq Suriya hökumətində onun yerini görmür: “ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli məlum çıxışı zamanı belə bir ifadə işlətdi. Bunlar sadəcə siyasi bəyanatlardır. Söhbət Əsəddən deyil, onun yürütdüyü istər daxili, istərsə də xarici siyasətdən gedir. Əsədin yürütdüyü daxili və xarici siyasət çoxlu qüvvələri qane etmədiyi üçün o, getməlidir. Bu gündən sonra Əsədin öz siyasətini dəyişdirəcəyi də ağlabatan deyil. Ona görə də verilən bəyanatlar sadəcə siyasi, diplomatik addımlardır”.
Bəs, ABŞ prezidenti Donald Trampın əsas məqsədlərindən biri hesab etdiyi İŞİD-i məhv etmək planını reallaşdırmaq mümkün olacaqmı? A.İsazadə deyir ki, hərbi baxımdan bu məsələdə böyük bir problem yoxdur: “Amma İŞİD qeyri-formal təşkilatdır və onun hərbi qüvvəsini məhv etmək orda döyüşən bütün insanları dünyaya səpələmək deməkdir. Ona görə İŞİD-i hərbi baxımdan deyil, daha çox siyasi və ideoloji baxımdan ləğv etmək lazımdır. Amma bunu bacarıb-bacarmayacaqlarını demək çətindir. Hərbi baxımdan İŞİD-i darmadağın etmək çətin deyil. Amma ideoloji baxımdan bu iş bir qədər müşküldür. İŞİD-in tərəfdarları, ideyaları bütün dünyaya, əsasən də Avropaya yayılır, silsilə terror aktları baş verir. İŞİD belə deyək, bir dövlət qurumu kimi dağılsa, onun tərəfdarları dünyaya daha çox yayılacaq. Bax, əsas problem bundadır”.
Səxavət HƏMİD