27 İyul 2017 11:32
1 760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə dəfə kolbasalara, dönərlərə qatılan leş ətləri, at və eşşək ətləri ilə bağlı məsələni Milli Məclisdə gündəmə gətirmişəm ki, bəlkə insanlarımızın sağlamlığı üçün təhlükəli olan bu davranışların qarşısını almaq mümkün olsun. Bu qanunsuz əməllə məşğul olanların, eləcə də onları himayə edənlərin ən sərt formada cəzalandırılmasının tərəfdarı olduğumdan bu istiqamətdə aldığım bütün informasiyaları dəyərləndirməli oluram. Müşahidəm onu göstərir ki, bu sahədə yenə də problemlər qalmaqdadır və ara-sıra rayonlardan aldığımız xəbərlərdə leş mafiyasının əvvəlki kimi fəaliyyətini davam etdirdiyi anlaşılmaqdadır.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa sosil şəbəkədəki hesabında yazıb.

Deputat əlavə edib ki, məhz bu kimi narahatedici məqamlara aydınlıq gətirmək üçün 7-ci mikrorayon ərazisində yerləşən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Baş İdarəsinə gedib: “Məqsədim o idi ki, hansı səviyyədə və formada belə yaramaz fəaliyyyətlə məşğul olan şəbəkəyə qarşı mübarizə aparıldığını öyrənim. Əvvəllər bir işlə bağlı bu məkanda olmuşdum, açığı, hansısa yenilik gözləntim yox idi. Ancaq tamamilə yeni bir infrastrukturun yarandığını görəndə öncə buradakı vizual mədəni dəyişiklik məni tamamilə heyrətləndirdi. Baş idarənin rəisi ilə görüşmək istədiyimi bildirəndə, heç beş dəqiqə keçməmiş rəis Azər Süleymanov məni darvazanın ağzında çox hörmətlə qarşıladı və gəliş məqsədimi bildirən kimi heç tərəddüd etmədən labaratoriyadakı iş prinsipləri, baytarlıq sahəsində görülən işlərlə ətraflı şəkildə tanış etməyə başladı. Burada ən yüksək avadanıqlarla təmin olunmuş zəngin bir labaratoriya yaradılıb, ABŞ-dan, Avropadan, Yaponiyadan gətirilən aparatlar vasitəsilə peşəkar dəqiqliklə qidalarda olan təhlükəli maddələr, ət və süd məhsullarının tərkibindəki detallar, mal-qara, quş xəstəlikləri aşkara çıxarılır və ərzaq təhlükəsizliyimizin qorunması üçün zəruri tədbirlər görülür. Azərbaycana idxal olunan ət məhsullarının hərtərəfli müayinəsi də burada aparılır. Bu kompleksdə modern üslubda və gözəl tərtibatda inzibatı bina, elmi- tədqiqat institutu, böyük labaratoriya şəbəkəsi, yeməkxana yer alır. Elmi-tədqiqat İnstitutunun 5-ci mərtəbəsində gördüyüm kənd təsərrüfatı muzeyi isə tərtibat və eksponat zənginliyinə görə müqayisəolunmaz bir məkandır. Buranın açılışı ölkə prezidenti tərəfindən 2015-ci ildə gerçəkləşdirilib və bu önəmli sahəyə prezident tərəfindən ayrılan diqqət hər addımda hiss olunmaqdadır. Həqiqətən də Kənd Təsərrüfatı naziri Heydər Əsədovun belə bir infrastrukturu qura bilməsi sevindiricidir, ən ağır sahələrdən biri olmasına rağmən, bu qədər zəruri avadanlıqları tapıb gətirmək, bu qədər mütəxəssisi qısa müddətdə xarici ölkələrdə kursa göndərərək işə cəlb etmək, belə bir muzey yaratmaq həqiqətən böyük zəhmət tələb edir. Bunları ona görə qeyd edirəm ki, məhz bu cür çalışma mühitində məni maraqlandıran məsələlər ətrafında geniş bilgilər ala bildim. Məlum oldu ki, leşləri, at və eşşəkləri kəsərək ətlərini başqa adlar altında vətəndaşlara sırıyan şəbəkəyə qarşı burada ciddi mübarizə aparılır. Aşkar olunan bütün faktlar dərhal hüquq-mühafizə orqanlarına göndərilir. Bu kimi zərərli məhsullar aşkar olunanda, məhv ediləndə televiziyaların iştirakı təmin olunur. Labaratoriyalarda isə dərhal kolbasanın və ya dönərin tərkibində bu ətlərin DNT-si müəyyən olunur və operativ uyğun qərarlar alınır”.

Millət vəkili bildirb ki, verilən izahatlar onu qane edib: “Görülən işlər barədə xeyli bilgi əldə etdim, mütəxəssislərlə söhbətimdə problemə nə qədər ciddi və ürək yanğısı ilə yanaşıldığını sezdim. Demək əsas iş qalır, bizlərin, yəni cəmiyyət üzvlərinin öhdəsinə. Yəni insanlarımız harada bu kimi fəaliyyətlə məşğul olan insanlar var, onlara qarşı rəhimli davranmamalıdır, bu idarəni, hüquq-mühafizə orqanlarını çəkinmədən bilgiləndirməlidir, murdar ətlərlə qidalarımızı harama çevirənlərin cəzalandırılmasına çalışmalıdır. Bizdə var axı, deyərik ki, “adamın çörəyinə bais olmayım” . O zaman bir sualı da belə düşünənlər cavalandırsın: Leş ətini, at və eşşək ətini insanlara sırıyanlar, onları zəhərləyənlər adamdırlarmı? Yaxud da bu cür çörək qazanmaq kişiliyə sığan bir işdirmi? Hər halda insanlarımız bir az təşəbbüskar və prinsipial olarlarsa, gördükləri faktlarla bağlı bu idarəyə aktiv şəkildə üz tutsalar, ən azı bu kimi bədnam əməlləri törədən insanları qorxutmuş və çəkindirmiş olarlar”.


Müəllif: Cavad

Oxşar xəbərlər