Teleqraf.com xəbər verir ki, bu barədə Küveyt Daxili İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Küveyt təhlükəsizlik qüvvələri bir neçə həftə axtarışdan sonra İrana casusluqda günahlandırılan “Əl-Əbdüli” qruplaşmasının 12 üzvünün kimliyini müəyyənləşdirib və onları həbs edib: “Bir çoxu İranda hərbi təlim keçmiş şəbəkə üzvlərindən çoxlu silah-sursat, partlayıcı maddələr və hərbi avadanlıqlar aşkarlanaraq götürülüb. “Əl-Əbdüli” radikal şiə qruplaşmasının yaxalanan üzvləri Küveytin bir sıra həssas dövlət qurumları barədə məlumat toplayaraq İrana və Livan “Hizbullah”ına ötürürmüşlər. Onlar Küveytdə və körfəzin bir sıra ölkələrində terror aktları həyata keçirməyi planlaşdırsalar da, həmin planların qarşısı vaxtında alınıb”.
Xatırladaq ki, İrana bağlı radikal şiə “Əl-Əbdüli” casusluq şəbəkəsi və onun ölkəyə qarşı gizli fəaliyyətinin qarşısı 2015-ci ildə Küveyt təhlükəsizlik qüvvələrinin paytaxtın yaxınlığında keçirdiyi əməliyyatlarda ifşa edilərək alınmışdı. Əməliyyatlar nəticəsində qruplaşmanın 20-dən çox üzvü yaxalanmış və onlardan külli miqdarda silah-sursat və partlayıcı maddələr aşkarlanaraq götürülmüşdü.
Küveyt Ali Məhkəməsi SEPAH-a casusluqda günahlandırılan həmin şəxsləri uzunmüddətli həbsə məhkum etsə də, 2017-ci il iyulun 17-də onların bir sürət qayığına minərək dəniz yolu ilə İrana qaçdığı barədə məlumat yayılmışdı.
Bunun ardınca, İranın ölkəsinin daxili işlərinə qarışmasına etiraz bildirən Küveyt informasiya naziri iyulun 20-də bəyanat yayaraq İranın bu ölkədəki səfirliyinin 15 əməkdaşının ölkədən qovulması və onlara ölkəni tərk etmələri üçün 45 gün vaxt verildiyi barədə məlumat yaymışdı.
Qeyd edək ki, Küveyt əhalisinin üçdə birini şiələr təşkil edir.