Sosial şəbəkə nəhəngi olan Feysbuk ötən il ABŞ-da keçirilən prezident seçkisi öncəsi Rusiyadan olan hesablardan reklam aldığını bəyan edib.
Teleqraf.com xəbər verir ki, Feysbuk 2015-ci ilin iyun ayından 2017-ci ilin may ayına qədər Rusiyadan təxminən 470 hesabdan reklam alıb. Hesabatlar təxminən 3 min reklamla əlaqəli olub və reklam üçün 100 min dollar xərclənib.
Hesabatda bildirilir ki, ABŞ-da rus dilindən istifadə edən İP-lərdən təxminən 2200 siyasi məzmunlu statuslar üçün 50 min dollar reklama xərclənib. Bu reklamların böyük əksəriyyəti ABŞ prezident seçkiləri və namizədlər haqqında olmayıb. Bu statuslar əsasən, ABŞ-da irqçilik, immiqrasiya və silah ticarəti kimi ölkədə ayrı-seçkiliyə yol açan ictimai-siyasi mövzularla bağlı olub.
Açıqlamada Feysbukun ABŞ səlahiyyətliləri ilə bu xəbərləri paylaşdığı ifadə edilib.
Xatırladaq ki, Amerikanın kəşfiyyat xidmətləri Rusiyanın ABŞ-da keçirilən son prezident seçkisinə müdaxilə etdiyini iddia ediblər. Bundan başqa, Tramp və onun yaxınlarının Rusiya ilə əlaqələri hazırda Vaşinqtonda ciddi şəkildə araşdırılır.