Məsud Bərzani noyabrın 1-dən rəsmən Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri postundan gedib.
Teleqraf.com xəbər verir ki, muxtariyyətin parlamenti Məsud Bərzaninin səlahiyyətlərini hökumətə, parlamentə və Ədalət Şurasına verib.
İraq Türkmən Cəbhəsinin Ərbildən olan deputatı Aydın Maruf bildirib ki, Bərzaninin səlahiyyətlərinin önəmli hissəsi baş nazir Nəcricvan Bərzaniyə keçib. Nərcivan Bərzani muxtariyyətin silahlı qüvvələrinin rəhbəri olmaqla yanaşı təhlükəsizlik məsələlərini də kurasiya edəcək. Bu isə muxtariyyətdə ən önəmli səlahiyyətlər hesab olunur.
“Röyter” agentliyi isə qeyd edib ki, Nercivan Bərzaninin Türkiyə prezidenti Ərdoğanla isti münasibətləri mövcuddur.
Dünən Türkiyə prezidenti Ərdoğanın sözçüsü İbrahim Kalin Nərcivan Bərzaninin prezident Ərdoğanla görüş istəyi haqda suala cavab olaraq deyib ki, bunun üçün ilk olaraq muxtariyyət 25 sentyabrda keçirdiyi müstəqillik haqqında referendum rəsmən qüvvədən düşmüş elan etməlidir.
Qeyd edək ki, Nərcivan Bərzani Məsud Bərzaninin qardaşı oğludur. Bir çox ekspertlər hesab edir ki, Məsud Bərzani arxa plana keçsə də Nərcivan Bərzani vasitəsilə muxtariyyətdə söz sahibi olaraq qalacaq.