Dünyanın ən böyük gəmisi - “Prelude” üzən platforması 2018-ci ildə istifadəyə veriləcək.
Teleqraf.com xəbər verir ki, gəminin uzunluğu 488 metrdir. Platformanın anbarları 175 olimpiya hovuzunu doldura biləcək qədər tutuma malikdir. İnşasına 2012-ci ildə başlanılan “Shell” platforması Cənubi Koreyada “Samsung” şirkəti tərəfindən tamamlanaraq Avstraliya sahillərinə göndərilib.
Qərbi Avstraliyadan 125 kilometr aralıda qurulan üzən platforma gələn il dənizdə təbii qazın istehsalına və emalına başlayacaq. Maye qaz 162 dərəcəyədək soyudulacaq və sonra Asiya ölkələrinə gedən təbii qaz tankerlərinə yüklənərək təyin olunan yerlərə göndəriləcək.
“Prelude” gəmisinin ildə 5,3 milyon ton maye qaz emal edəcəyi bildirilir. Bunun Honq Konqun illik tələbatından daha böyük həcmdə olduğu vurğulanır.