Türkiyə Silahlı Qüvvələrinin arilleriyası bu gün günortadan sonra PYD-nin nəzarətində olan Afrin bölgəsini atəşə tutmağa başlayıb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Suriya ilə həmsərhəd olan Hatay vilayətinin Rehyanlı bölgəsindən Afrinə top atışlarına start verilib.
Bölgədə atəş səslərinin eşidildiyi bildirilir.
Bu gün ABŞ Dövlət Departamentindən bir nümayəndə heyətinin bölgəyə səfər etdiyi, PKK terror təşkilatının Suriya qolu olan PYD təmsilçiləri ilə görüşlər keçirdiyi barədə məlumat yayılıb. Türkiyə tərəfi bu səfərə hər hansı rəsmi münasibət bildirməyib. Ancaq Afrinin top atəşinə məhz bu vaxt tutulması səfərə münasibət kimi yozula bilər.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün partiyasının Elazığda keçirilən fövqəladə toplantısında Türkiyə ordusunun Afrinə hücuma keçəcəyi siqnalını vermişdi.