27 Aprel 2018 09:32
16 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soyuq müharibədən sonra ən böyük casus dəyişdirilməsi hadisəsi 2010-cu ildə Rusiya ilə ABŞ arasında baş verib.

Teleqraf.com xəbər verir ki, tərəflər SSRİ ilə ABŞ arasında casus dəyişdirilməsi ənənəsinə sadiq qalaraq, 2010-cu ildə də məkan olaraq Avstriyanın paytaxtı Vyananı seçib.

ABŞ casus fəaliyyətində ittiham etdiyi 10 casusu Rusiyanın Qərb ölkələrinə işlədiyinə görə saxladığı dörd casusla dəyişdirib. Casuslar Vyana hava limanında 2010-cu ilin iyulunda dəyişdirilib.

ABŞ hökuməti Nyu Yorkda məhkəmə qarşısına çıxarılan və məhkəmə tərəfindən Rusiya xarici kəşfiyyat xidmətinə casusluq etdiyi təsdiq olunan 10 casusu Quardia hava limanından Vilson Hava Yollarına aid Boinq 767-200 tipli təyyarə ilə Vyanaya göndərib. Buna paralel olaraq Rusiya biri Britaniyanın Mİ6 kəşfiyyatı, üçü isə ABŞ xeyrinə casusluq edən dörd casusu öncə əfv edib, daha sonra casusları Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus Yak-42 təyyarəsi ilə Vyana hava limanına göndərib.

ABŞ təyyarəsi Vyana hava limanında Rusiyadan casusları gətirən təyyarənin yanında eniş edib. İki təyyarə arasında casus dəyişdirilməsi mini avtobus vasitəsilə həyata keçirilib. Casusların dəyişdirilməsi 90 dəqiqə ərzində baş tutub.

Proses başa çatdıqdan sonra əvvəlcə Rusiya təyyarəsi, ondan 10 dəqiqə sonra isə ABŞ təyyarəsi Vyana hava limanını tərk edib. Rusiya təyyarəsi birbaşa Moskvaya uçsa da, ABŞ təyyarəsi Londona istiqamət alıb.

Az sonra aydın olub ki, Rusiya öz vətəndaşları olan və ABŞ xeyrinə casusluq edən Aleksandr Zaporojovski, Gennadi Vasilenko, İqor Sutyangin və Sergey Skripalı ABŞ kəşfiyyatına təhvil verib.

ABŞ tərəfi isə Rusiya xarici kəşfiyyatının xeyrinə casusluq edən Anna Kapman, Mixail Semenko, Vladimir Kuriyev, Lida Quriyev, Andrey Bazurkov, Yelena Vavilova, Mixail Vasenkov, Mixail Kutsik, Nataliya Pereverzeva və Viki Pelaezi Rusiyaya təslim edib.

Rusiyanın ABŞ-a verdiyi casuslar - Aleksandr Zaporojovski, Gennadi Vasilenko, İqor Sutyangin və Sergey Skripal Rusiyanın şərqindəki həbsxanada saxlanılırmış. 45 yaşlı silah mütəxəssisi İqor Sutyangin MKİ-yə aid Britaniya şirkətinə informasiya axını təşkil edibmiş. Onu Rusiyada 1999-cu ildə həbs ediblər və 2004-cü ildə barəsində 15 il həbs cəzası çıxarılıb. Rusiya hərbi kəşfiyyatının polkovniki, son dövrlər Britaniyada zəhərlənməsi ilə Moskva-London arasında skandal yaradan Sergey Skripal isə 2006-cı ildə Mİ6 xeyrinə casusluqda ittiham edilərək, barəsində 13 il həbs cəzası çıxarılıb. 1999-cu ildə kəşfiyyatdan təqaüdə çıxan Skripal 1995-ci ildən Mİ6 üçün işləməyə başlayıb və Avropadakı rus agentlər haqqında Mİ6-ya məxfi informasiyalar ötürməklə 100 minlərlə dollar qazanıb.

Aleksandr Zaporojovski isə 1997-ci ildə QRU-nun ABŞ ofisindən təqaüdə çıxıb və ABŞ-da yaşamağa başlayıb. Onun 1994-cü ildən Argentinada MKİ ilə əlaqələr qurduğu bəlli olub. 2001-ci ildə Moskvaya gələn Aleksandr həbs edilib, 2003-cü ildə onun barəsində 18 il həbs qərarı çıxarılıb. Aleksandrın MKİ-yə verdiyi informasiya əsasında ABŞ-a ən çox ziyan vuran və Rusiya xeyrinə işləyən Robert Hanssen və Oldric Ames ifşa edilib.

Gennadi Vasilenko isə 2005-ci ildə həbs edilib, 3 il həbsdə yatıb. Onun niyə həbs edildiyi bəlli olmayıb. Vasilenko SSRİ zamanı Vaşinqtonda işlədiyi dövrdə MKİ ilə əməkdaşlıq etmək şübhəsi ilə saxlanılıb, amma bununla bağlı rus hüquq-mühafizə orqanları ortaya faktlar qoya bilməyib.

ABŞ-da isə Federal Təhqiqatlar Bürosunun (FTB) aylarla davam edən müşahidə, araşdırma və izləməsindən sonra həbs edilən 10 şəxsin casusluq fəaliyyəti göstərmək üçün qanunsuz olaraq sənədləri saxtalaşdırdığı, özlərini xarici nümayəndələr kimi təqdim etdikləri sübuta yetirilib.

Məsələn, Anna Kapman və Mixail Semenko gerçək adlarından istifadə edtdiyi halda “Riçard Murf” və “Sntia Murfi” adlı şəxslərin Vladimir Kuriyev və Lidya Kuryev olduğu müəyyən edilib. Casus Andrey Bazurkov “Donald Heathfield”, Yelena Vavilova isə “Trakey Foley” adından istifadə edirmiş. FBR müəyyən edib ki “Jan Lazarov” adlı şəxs Mixail Vasenkov, “Mixail Zottolin” adından istifadfə edən isə Mixail Kutsikdir. “Patrisia Mills” adlı casus isə Natalya Pereverzova olub.

Beləcə ortaya çıxıb ki, casuslar saxta pasportlardan istifadə edir, ikili həyat sürür, məxfi kod, ləqəblər, görünməyən mürəkkəb qələmlərdən, radio dalğalardan istifadə edirlər. Onlar həmçinin mülkiyyətçi, mühasibatçı və jurnalist kimi peşələrdə işləyiblər.

Xatırladaq ki, Soyuq müharibə illərində ən böyük casus dəyişdirilməsi 1985-ci ildə Şərqi və Qərbi Almaniya arasında Berlin yaxınlığındakı Gilenicke adlı körpüdə baş tutub. O zaman 20 casus dəyişdirilib.


Müəllif: Cavad