27 Aprel 2018 11:26
2 924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali və Cənubi Koreya liderləri Kim Çen İn və Mun Çje İn hərbi demarkasiya sərhədində - Panmunjon atəşkəs kəndində görüşüblər. Bu, tərəflər arasında 65 ildən sonra ilk yüksək səviyyəli görüşdür.

Teleqraf.com xəbər verir ki, dövlət rəhbərləri Cənub və Şimal arasında münasibətlərin yaxşılaşdırılması, sülh və birləşmə perspektivləri barədə danışıqlar aparıblar.

Şimali Koreya nümayəndə heyətində Kim Çen İnin Seul Olimpiadası zamanı məşhurlaşan bacısı Kim Yo-jonq da təmsil olunub.

Bu saatlarda aparılan danışıqların təfərrüatları bəlli olub.

İki ölkə lideri Cənubi Koreya əsgərləri qarşısından keçib, daha sonra Kim Çen İn Sülh Evindəki ziyarətçi kitabına “Bu andan etibarən yeni tarix başlayır. Bu, bir tarixi dövrün başlanğıc nöqtəsidir” ifadəsini yazıb.

Tarixi görüşdən hər iki ölkə lideri pozitiv mesajlar verib.

“Raket sınaqları səbəbindən sizin sübh tezdən yuxudan ayıldığınızı eşitdim. Söz verirəm ki, bundan sonra yuxunuza haram qatmayacağam”, - Şimali Koreya lideri Kim Çen İn deyib. Əlavə edib ki, belə görüşlər davamlı keçirilməlidir.

Sülh danışıqları zamanı Pxenyan lideri Seula səfər edəcəyinə söz verib.

Görüşün mediaya açıq hissəsində Şimali Koreya lideri Mun Çje İn deyib ki, Kim Çen İnlə açıq, səmimi və dürüst bir görüş keçirir və bu görüşdən uğurlu nəticələrin əldə olunacağına ümid edir.

Mun Çje İn əlavə edib ki, dünyanın diqqəti Panmunjoma istiqamətlənib:

“Koreya yarımadası xalqlarının və dünyanın bu görüşə ümidləri böyükdür. Dünyada barış istəyən hər kəsə və öz öz xalqlarımıza hədiyyə kimi sülhün əldə olunduğunu açıqlayacağımıza ümid edirəm”.

Əlavə edək ki, iki lider danışıqlardan sonra nahar məqsədilə ayrılıblar. Nahardan sonra bir araya gələn liderlər sülh ağacı əkib və “Bura sülh və firavanlıq əkirik” sözləri yazılan tablonu yerləşdirib.

Daha sonra liderlər gəzərək qısa söhbət ediblər.

Sülh danışıqları Cənubi Koreya liderinin verəcəyi şam yeməyi ilə başa çatacaq.

Xatırladaq ki, Mun Çje İn görüşdən əvvəl qeyd etmişdi ki, Şimali Koreya rəhbərliyi ilə yarımadanın yenidən birləşməsi, ölkələr arasında münasibətlərin yaxşılaşdırılması və nüvə sınaqları haqqında müzakirələr aparacaq.

Artıq Ağ Ev Şimali və Cənubi Koreya liderlərinin görüşünə dair mövqeyini açıqlayıb. Ağ Evin sözçüsü Sarah Sanders bildirib ki, bu, tarixi görüşdür:

“Müzakirələrin Koreya yarımadasında sülh və rifah dolu bir gələcək yolunda irəliləməsinə ümid edirik”.

Ağ Ev rəsmisi ayrıca qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın qarşıdan gələn həftələr içində Şimali Koreya lideri ilə görüşü gözlənilir.


Müəllif: Cavad

Oxşar xəbərlər