1 İyun 2018 14:09
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

1981-ci ildə Yeni Zelandiyanın Dunedin şəhərində İngiltərə kraliçası II Yelizaveta sui-qəsdə məruz qaldı.

Teleqraf.com-un xəbərinə görə, Yeni Zelandiyanın kəşfiyyat təşkilatının 2018-ci ilin fevralında açıqladığı məxfi məlumatdan bəlli olub ki, 1981-ci ildə rəsmi səfərlə Yeni Zelandiyaya gedən kraliça Dunden şəhərində sərgiyə gedərkən gənc bir vətəndaşın sui-qəsd cəhdi ilə üzləşib.

Məxfi məlumata görə, o dövrdə 17 yaşında olan Kristofer Levis adlı gənc II Yelizavetanı izləyib. Kraliçanın 8 gün davam edən Yeni Zelandiya səfəri çərçivəsində 14 oktyabrda elmi sərgiyə gedərkən avtomobilindən çıxdığı an ona atəş açılıb.

Həmin an ərazidə olan jurnalistlər, sərgiyə gələn insanlar atəş açıldığını eşidiblər. Lakin polis bu səsin avtomobil motorunda baş verən partlayış olduğunu deyərək, sui-qəsdi cəmiyyətdən gizli saxlayıb.

Hadisənin üzərindən uzun illər keçdikdən sonra 2018-ci ilin fevralında üzə çıxan məxfi dosye ortaya fərqli məlumatları qoyub.

“Atəş açan Levisin əsas məqsədi kraliçanı öldürmək olub. Lakin 17 yaşlı gənc sərrast atəş açmaq üçün münasib yer seçə bilməyib. Həmçinin sui-qəsdçinin əlində silah olsa da, bu hədəfi uzun məsafədən vurmaq qabiliyyətində olan silah olmayıb”, - məxfi dosyedə belə qeyd edilib.

Məlumata görə, bu dosye üzərindən gizlilik statusu Fairfax Medianın tələbi ilə qaldırılıb. Levisin cinayət təşəbbüsü psixoloji sarsıntı yaşaması ilə əlaqələndirilib.

Levis qanunsuz silah əldə etmək və ondan istifadə etməkdə günahkar elan olunub. Eyni zamanda bəlli olub ki, İngiltərə kraliçası 1986-cı ildə bu ölkəyə həyata keçirdiyi ikinci səfəri zamanı kəşfiyyat qurumları Levisi müşahidə və nəzarət altında saxlayıb.

Məxfi informasiya ortaya çıxdıqdan sonra Yeni Zelandiya hökuməti qeyd edib ki, polis dosyeni yenidən araşdırmağı planlayır.

Bu sui-qəsd hadisəsinin üzərindən 10 il keçdikdən sonra Levis Aucklandda bir qadını öldürməkdə və onun qızını qaçırmaqda ittiham edilib. Məhkəməyə çıxarılması gözlənilən Levisin 1997-ci ildə saxlanıldığı həbsxanada intihar etdiyi ortaya çıxıb. O, intihardan əvvəl yazdığı məktubunda cinayət etdiyi haqda iddiaları rədd edib.


Müəllif: Cavad

Oxşar xəbərlər