Gürcüstan ərazisindən keçərək Avropaya qaz daşıyacaq Cənub Qaz Dəhlizi, onun mühüm komponenti olan TANAP kəməri Avropanın qaz təchizatının şaxələndirilməsində öz sözünü deyəcək əsrin nəhəng enerji layihəsidir.
Teleqraf.com xəbər verir ki, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bildirib.
O qeyd edib ki, bu kəmərin Gürcüstan üzərindən çəkilməsi gürcü hökumətinin razılığı ilə baş tutub:
“Gürcü hökumətinin TANAP-ın açılış mərasimində iştirak etməməsi gürcü ağlının və gürcü istəyinin nəticəsi deyil. Bu gün Gürcüstanda ictimai-siyasi durum bir o qədər də sabit deyil. Belə bir vəziyyətdə gürcü hökumətinin TANAP-a bu qədər biganə qalmasının başqa kökləri var. Müstəqillik dövründə Azərbaycanın regional enerji və nəqliyyat layihələrinə bütün qısqanclıqlar şimaldan gəlib və bundan sonra da oradan gəlməkdə davam edəcək. Rusiya hər hansı bir məsələdə öz maraqlarını qorumağa qalxırsa, o hökmən həmin məsələ ətrafında intriqa yaradır və çox vaxt da bu yolla istəyinə nail olur. Beynəlxalq aləmdə intriqalar yaratmaqla ölkəsinin maraqlarını təmin etmək bu dövlətin xarici siyasətinin əsas taktiki gedişlərindən biridir. Dağlıq Qarabağın işğalı və bu günə qədər torpaqlarımızın işğal altında qalmasında Rusiyanın payı nə qədərdirsə, gürcü hökumətinin TANAP layihəsinə bəslədiyi indiki münasibətdə də Rusiyanın payı bir o qədərdir”.
F.Yusifov qeyd edib ki, Rusiya illərdir müdafiə etdiyi Bəşər Əsəd rejimini Gürcüstan ərazisində yaratdığı qondarma dövlətləri tanımağa məcbur edirsə, bu artıq çox mətləblərdən xəbər verir:
“Ən azından Gürcüstan dostluq etdiyi Avropanın qaz təchizatının şaxələndirilməsi layihəsinə belə ögey münasibət bəsləməməli idi. Deməli Gürcüstanda son günlər yaranmış gərginliklər fonunda Rusiya gürcü hökumətini belə addım atmağa məcbur edə bilib”.