29 İyun 2018 13:32
1 777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan ölkəni tərk etməyə hazırlaşır. Sabiq dövlət başçısının üz tutacağı xarici dövlətin adı bəllidir.

Teleqraf.com xəbər verir ki, Ermənistan KİV-də yaxın günlərdə Avropa turnesinə çıxan hazırkı Prezident Armen Sərkisyanın öz sələfinə yer tapdığı iddiası gündəmə gəlib.

Erməni mənbələr böyük ehtimalla Serj Sərkisyanın Böyük Britaniyada məskunlaşacağını və bununla bağlı yaxın günlərdə İngiltərədə olmuş Armen Sərkisyanın ona təminat verdiyini ehtimal edirlər. Ermənistanda nəşr olunan “Plast” və “Qaraparaq” kimi qəzetlər keçmiş prezidentin ölkəni tərk etməyə hazırlaşdığı barədə ilginc iddialar irəli sürüblər.

Qəzetlər Serj Sərkisyanın bu ilin mart ayında Ermənistanda keçirilmiş prezident seçkilərindən əvvəl səsləndirdiyi fikri gündəmə gətiriblər.

Serj Sərkisyan məlum çıxışında “Ermənistanın yeni prezidenti xarici ölkələrdə nüfuzu olan və diasporayla geniş əlaqələri olan şəxs olmalıdır” fikrinə ekspertlər ilginc şərh veriblər: “Həmin dönəmdə Serj Sərkisyanın namizədinin Armen Sərkisyan olacağı bəlli idi. Bu fikrini də təsadüfən dilə gətirməmişdi. Bu, Serj Sərkisyanın hakimiyyətdən birdəfəlik gedəcəyinin qapalı anonsu idi. O, sadəcə Rusiyanın təkidi ilə uzun illərdir bu posta qalmağa məcbur olmuşdu. Bu baxımdan, Armen Sərkisyanın seçilməsi və bununla Ermənistanda fəallaşan Avropa və ABŞ-ın siyasi institutlarının sürpriz şəxsi – keçmiş deputat Nikol Paşinyanı hökumətin ən ali kürsüsünə qaldırması əvvəldən hazırlanmış mexanizm üzrə baş verdi.

Paşinyanın gizli şəkildə ortaya çıxarılmaq üçün hazırlanması isə Rusiyanın diqqətini yayındırmağa xidmət edirdi. Əlbəttə, Ermənistanın ən ucqar dağ kəndindən də baş verənləri diqqətdə saxlayan Kreml kiçik mandatı olan Paşinyandan şübhələnməyəcəkdi. Beləliklə, Sərkisyanın Kremlə xəyanəti reallaşdı və o, nəhəng sərvət qarşılığında hakimiyyətdən geri çəkildi. Onun baş verən qiyamın qarşısına silahla çıxmaması da bundan qaynaqlanırdı”.

Erməni mənbələr Serj Sərkisyanın hakimiyyətdən 4 milyard dollar qarşılığında imtina etdiyini iddia edirlər. Ermənistanın diplomatik mənbələrindən mətbuata sızdırılan məlumata görə, ABŞ-ın Soros Fondu və Amerika Erməniləri Milli Komitəsi (ANCA) tərəfindən ayrılmış maliyyə vəsaitləri hazırda işğal edilmiş Azərbaycan ərazilərində (Dağlıq Qarabağ) özünə sığınacaq tapmış Serj Sərkisyana ANCA rəhbəri Raffi Hampariyan tərəfindən çatdırılıb.

Hampariyan razılaşma əsasında ayrılmış pulları Serj Sərkisyana iyunun 24-də Qarabağda səfərdə olarkən verib.

Raffi Hampariyan gizli anlaşmanı Xankəndində görüşdüyü Qarabağ separatçılarının lideri Bako Saakyana da çatdırıb. Ayrılmış pullardan pay alan Saakyana da xarici ölkəyə üz tutmaq təklif edilib.

“Joxovurd” qəzeti Sərkisyan tərəfdarlarına qarşı başlamış kütləvi həbslərə də diqqət çəkir. Qəzet iddia edir ki, Sərkisyanın xəyanətindən xəbər tutmuş “Qarabağ klanı”nın üzvlərini sakitləşdirmək istəyən Paşinyan hökuməti onları sakitləşdirmək üçün həbs yolunu seçib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər