Cənubi Koreya hökuməti İrandan neft idxalını dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyters” agentliyi Cənubi Koreya mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, Cənubi Koreya ABŞ-ın İrana qarşı yeni sanksiyalarının tətbiqinə uyğun olaraq iyul ayının 1-dən İran neftindən imtina edib. Bildirilir ki, rəsmi Seul, hazırda İrandan neft idxalına lisenziya almaq üçün ABŞ hökuməti ilə danışıqlar aparır. Vaşinqtonun İran neftinə sanksiyaların tətbiqinə noyabr ayından başlayacağını nəzərə alaraq, Cənubi Koreya indidən lisenziya almaqla Amerikanın sanksiyalarına məruz qalmadan, qarşıdan gələn aylarda İrandan neft idxalını bərpa etməyə ümid edir.
Qeyd edək ki, Cənubi Koreya, Yaponiya və Çin Asiyada İran neftinin əsas müştəriləri sayılır.