12 İyul 2018 23:28
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Tramp prezident seçiləndən sonra ABŞ və NATO arasında əvvəldən mövcud olan fikir ayrılıqları dərinləşib. Münasibətlərdə yaranmış çatın dərinləşəcəyi NATO-nun Brüssel sammitindən də məlum oldu.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edib ki, Avropa dövlətlərinin NATO-dan kənar birgə ordu yaratmaq niyyətinin gündəmə gətirilməsi, Brüssel sammitinə öz damğasını vurdu:

“Hesab edirəm ki, ABŞ və Avropa dövlətləri arasında yaranmış gərginlik NATO-ABŞ münasibətlərini zədələməklə yanaşı, ABŞ və Avropa arasındakı uçurumu da dərinləşdirir. Artıq NATO daxilində etimad mühiti aradan qalxıb. Bu sammitin də üzv dövlətlər arasında fikir ayrılıqlarına son qoyacağını düşünmürəm.

NATO-nun əsas maliyyə sponsoru və moderatoru olan ABŞ-ın alyansın büdcəsinin artırılmasıyla bağlı Avropa dövlətlərinə etdiyi təzyiqlər vəziyyəti bir qədər də gərginləşdirir. Avropa hesab edir ki. dövlət büdcələrinin 2 faizini NATO- ya ayırsalar, bundan Vaşinqton yararlanacaq. Çünki ABŞ NATO-dan daha çox öz geosiyasi məqsədləri üçün istifadə edir. Avropada da, NATO Pentaqonun əsas zərbə qüvvəsi kimi qəbul edilir. Buna görə də, Avropa dövlətləri NATO-nun büdcəsinə daha çox ABŞ-ın maliyyə ayrımasını istəyirlər”.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Avropa dövlətləri ABŞ-ın təsir dairəsindən çıxmağa cəhd edirlər: “Burada əsas rolu Almaniya və Fransa oynayır. Görünən budur ki, alyansa üzv dövlətlərlə Trampın başçılıq etdiyi ABŞ arasında dərin fikri ayrılıqları var. Bu, Avropa – ABŞ müttəfiqliyinə son qoya, NATO-u sıradan çıxara bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu