17 İyul 2018 10:56
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 iyul dövlət çevrişinə cəhdin ikinci ildönümü münasibəti ilə təşkil edilən tədbirlərdə iştirak etmək məqsədilə Türkiyəyə səfər edən xarici jurnalistlər İstanbuldan Kastamonuya səfər edib.

Teleqraf.com-un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, Kastamonu şəhəri 2018-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunub.

60-dan çox xarici jurnalist səfər zamanı Kastamonu valisi Yaşar Qaradənizlə valiliyin inzibati binasında görüş keçirib.

Kastamonu şəhəri haqqında məlumat verən vali Qaradəniz deyib ki, hazırda valiliyin inzibati binasının 116 yaşı var və bina tarixin bir çox hadisələrinə şahidlik edib:

“Osmanlı dövründə bu binadan İstanbula qədər olan ərazilər idarə olunub. Bu tarixi binada indi də valilik yerləşir. Türkiyə Cümhuriyyəti qurulan zaman, xüsusilə İstiqlal savaşında Kastamonu mühüm coğrafi əhəmiyyətə malik olub. Kastamonu çox az yerlərdən biridir ki, xarici işğala məruz qalmayıb. Əksinə, Kastamonu vasitəsilə Ankaradan və digər ərazilərdən gələn mallar, xüsusilə silahlar qəhrəman türk əsgərinə çatdırılıb. O zaman müasir texnika olmayıb. Əksər hallarda silah-sursat at arabalarına yüklənib və görəcəyiniz dağları aşaraq mənzilə çatdırılıb”.

Yaşar Qaradəniz əlavə edib ki, hazırda Kastamonu turistlər üçün ən gözəl yerlərdən biridir. O, əlavə edib ki, ildə 400 min turist Kastamonda istirahət edir:

“Bunlar əsasən ölkəmizin müxtəlif şəhərlərindən gələn turistlərdir. İl ərzində 30 min xarici turist buraya istirahətə gəlir. Biz əsasən, prioritet sahə kimi qış turzminə diqqət edirik. Ancaq Kastamonu Antaliya kimi məşhur və tanınan turizm ünvanı deyil. Biz turizmin inkişafı üçün əlimizdən gələni edirik. İnanıram ki, 60-dan çox xarici jurnalistin Kastamonuya səfəri şəhərimizin turizm imkanlarının dünyaya tanıdılması baxımından bizə töhvə verəcək”.

Yaşar Qaradəniz əlavə edib ki, Kastamonunun 2018-ci ildə türk dünyasının mədəniyyət paytaxtı seçilməsi də şəhərin tanıdılması üçün əlavə imkandır.


Müəllif: Nemət Hüseynli

Oxşar xəbərlər