18 İyul 2018 09:21
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşün nəticə ilə başa çatdığını söyləmək çətindir.

Bunu iki ölkə liderinin görüşünü Teleqraf.com-a şərh edən politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, V.Putinin görüşə 1 saat gecikməsi görüşün özündə də hansı manerada olacağını aydın surətdə göstərdi:

“Bura Trampın beynəlxalq görüşlərdə, danışıqlar prosesində o qədər səriştəli olmamasını və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da jurnalistlərin suallarını cavablandırmaqdan imtina etməsini əlavə etsək, belə nəticə yaranır ki, görüşdə dünyanı rahatladacaq və dünyada sülh prosesini inkişaf etdirə biləcək nəticələrə gəlinməyib. Xüsusən, tərksilah problemi, sürətlə silahlanmanın qarşısının alınması və “Soyuq müharibə” dövrünə girilməməsi üçün kompromislərin əldə edilməsi məsələsi üzrə görüş nəticəsiz bitib. Yəni, tərəflər sadəcə olaraq bir-birini günahlandırmaqla nə ciddi tərksilah problemləri, nə də regional münaqişələrin həlli barədə ümumi razılığa gələ bilmədilər. Bu, xüsusilə Suriya probleminə aiddir. Suriya məsələsində ABŞ-ın mövqeyi BMT-nin mövqeyi ilə tam üst-üstə düşür. ABŞ-ın Suriyada həm münaqişənin dayandırılması, həm də orada sülhyaratma prosesinin inkişaf etdirilməsi üçün Astana prosesi ilə Cenevrə prosesinin birləşdirilməsi və vahid nizamasalma mexanizminin yaradılmasına dair təklifləri Rusiya tərəfindən qəbul edilmədi. Beləliklə, Suriyadan nə qoşunların çıxarılması, nə də orada möhkəm təminatlı sülhün yaradılması prosesində mövqelər bir-birinə yaxınlaşa bilmədi”.

Q.Hüseynli qeyd edib ki, eyni sözləri Ukrayna məsələsində də söyləmək olar:

“Özü də Ukrayna məsələsi görüşdə müzakirə edilən ən son məsələ olub. Bu görüş ərəfəsində Trampın Ukrayna məsələsinə dair uğursuz bəyanatları Putinin bu məsələdə sərt mövqe nümayiş etdirməsinə kifayət qədər şərait yaratdı. Ona görə də belə qənaətə gəlmək olar ki, Krım məsələsi bir yana, şərqi Ukraynada proseslərə Rusiyanın rəvac verməsi və burada Rusiya qoşunlarının iştirakı, Minsk razılaşmasının müddəalarının yerinə yetirilməsi məsələsində Moskva geri çəkilmədi. Beləliklə bu məsələ də bütün nüansları ilə müzakirə olunmadı və nəticəsiz bitdi”.

İran məsələsinə gəldikdə isə politoloq deyib ki, Putin Trampın təklifini dərhal geriyə çevirib və bu məsələ ətrafında hər hansı müzakirə açmaqdan imtina edib:

“Buna baxmayaraq ABŞ tərəfi İrana qarşı sanksiyaları davam etdirəcəyini, İran ətrafını həlqəni daraldacağını bildirsə də, Rusiya tərəfi bunu rəğbətlə qarşılamadığını, hətta bunun yanlış olduğunu bilavasitə Trampın özünə xatırladıb”.

Politoloq bildirib ki, bu görüş Rusiyanın əvvəlki ampluada beynəlxalq münasibətləri davam etdirməyin tərəfdarı olduğunu göstərdi:

“Görüş Rusiyanın regional dövlət statusundan superdövlət statusuna can atmasını və hətta özünü superdövlət kimi görməsini aydın surətdə təzahür etdirdi. Həmçinin, göstərdi ki, Rusiya həm sürətlə silahlanma, həm yeni silahların yaradılması, beləliklə də beynəlxalq gərginliyin artırılması istiqamətində əvvəlki fəaliyyətini davam etdirəcək”.

Q.Hüseynli D.Trampın isə ölkəsində ciddi tənqidlə üzləşəcəyini vurğulayıb:

“Çünki onun mətbuat konfransında “danışıqlar hamının xeyrinə oldu” deyərək nikbinlik yaymağa çalışması, üstəlik Rusiya ilə münasibətlərin gərginləşməsində hər şeyi əvvəlki ABŞ administrasiyasının üzərinə yıxması, zənnimcə uğurlu yanaşma deyildi. Bu, daha çox özünütənqid və Amerikanın Rusiya ilə münasibətlərin gərginləşməsində az qala əsas günahkar olmasının etirafı kimi yozulnmaqdadır. Bütün bunlar ABŞ KİV-ləri tərəfindən hiddətlə rədd edilməkdədir”.

Bununla belə Q.Hüseynli görüşün baş tutması ümumən müsbət hadisə olduğunu vurğulayıb:

“Danışıqların davam etdirilməsi haqqında ümumi razılıq əldə edildi, amma iki böyük dövlət rəhbərinin belə nəticəsiz görüşlərinin ümumi sülhə, əmin-amanlığa və beynəlxalq təhlükəsizliyə nələrsə verəcəyini söyləmək çox çətindir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər