Birləşmiş Krallıq ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından məmnundur.
Teleqraf.com xəbər verir ki, İngiltərə baş nazirinin ofisi ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı açıqlama verib:
“İngiltərə hökuməti müttəfiqi olan ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını məmnuniyyətlə qarşılayır. Solsber şəhərində kimyəvi silahdan istifadə edilməsinə qarşı verilən sərt beynəlxalq reaksiya Rusiyanın bu cür hərəkətlərinə göz yumulmayacağına dair mesajdır”.
Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripal və qızı Yuliya mart ayında Britaniyanın Solsber şəhərində sinir-iflic maddəsiylə zəhərlənmişdi. London hadisəyə görə Rusiyanı ittiham etdi. Moskva isə bütün ittihamları qəti surətdə rədd edir.