Hökumət qüvvələrinin Suriyanın İdlib əyalətində əməliyyat aparması humanitar fəlakət və Türkiyəyə üz tutan yeni qaçqın dalğası yarada bilər.
“Report” TASS-a istinadən xəbər verir ki, "Sabah" qəzetinin çərşənbə günü yaydığı məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstandan qayıdarkən təyyarədə jurnalistlərə deyib.
"Orada [İdlibdə] təqribən 3,5 milyon əhali var. Rusiya və ABŞ məsuliyyəti bir-birinin üzərinə atır. Lakin bu əraziyə raket düşməyə başlasa, ciddi şəkildə qan töküləcək, Türkiyəyə sel kimi yeni qaçqın axını başlayacaq", - deyə o bildirib.
Türkiyə lideri əlavə edib ki, Ankaranın Rusiya və İranla əməkdaşlığı İdlibdə fəlakətdən yayınmağa kömək edə bilər və hazırda Rusiya ilə qarşılıqlı fəaliyyət çox vacibdir.
Bundan əlavə, Türkiyə lideri sentyabrın 7-də Tehranda keçiriləcək üçtərəfli Suriya sammitinin müsbət nəticələnəcəyinə ümid bəsləyir.