İsrailin Qəzzaya hücumlarına susqunluq nümayiş etdirən beynəlxalq ictimaiyyət bunun məsuliyyətini üzərinə götürməli və hərəkətə keçməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
İsrailin son iki gündə Qəzzaya hücumunda 13 fələstinlinin həlak olduğunu, onlarla insanın yaralandığını bildirən Kalın qeyd edib:
“Bu hücumlar İsrailin işğalçı və hüquqa hörmət etməyən ölkə olduğunu göstərir. İsrail Qəzzaya qarşı hücumlarını dərhal dayandırmalıdır. Fələstini açıq hava həbsxanasına çevirmək istəyən və Qüdsün statusunu dəyişdirərək təxribatlara əl atan İsrailin işğalçı siyasətinə “dur” deyilməlidir. Beynəlxalq ictimaiyyət bu hücumların məsuliyyətini üzərinə götürməli və hərəkətə keçməlidir”.
İbrahim Kalın Türkiyənin Fələstinin yanında olduğunu dilə gətirib: “Fələstin xalqı yalqız və çarəsiz deyil. Türkiyə bu mübarizədə Fələstinin yanında olmağa davam edəcək”.