14 Noyabr 2018 11:06
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda “qızıl kralı” ləqəbi ilə tanınan Vəhid Məzlumin və Məhəmməd İsmayı Qasımi edam edilib.

Teleqraf.com xəbər verir ki, İran Ali Məhkəməsi hər iki müttəhimə İnqilab Məhkəməsi tərəfindən çıxarılan ölüm hökmünü bir ay əvvəl təsdiqləmişdi.

Müttəhimlər bu gün məhkəmə orqanları rəsmilərinin iştirakı ilə Tehranda dara çəkilib. Ölüm hökmünün Evin zindanında icra edildiyi bildirilir.

Edam prosesinin gedişatı və müttəhimlərin ailə üzvlərinin edam mərasiminə buraxılıb-buraxılmaması açıqlanmayıb.

İran Məhkəmə Sistemi rəisinin birinci müavini Qulamhüseyn Möhsüni Ejei oktyabrın 21-də jurnalistlərə açıqlamasında ölümə məhkum edilmiş hər iki şəxsə qarşı irəli sürülən ittihamları açıqlamışdı: “Bu şəxslər qanunsuz valyuta və qızıl sikkə ticarəti şəbəkələri yaradaraq, ölkə iqtisadiyyatına ziyan vurmaqla valyuta və qızıl sikkə bazarında böhran yaradıblar”.

Ejei açıqlamasında ölkənin qızəl sikkə bazarında yaranmış böhrana görə ümumilikdə 15 nəfərin həbs və mühakimə edildiyini, onlardan ikisinin edama, qalanlarının isə həbs və pul cəriməsinə məhkum edildiyini bildirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu