26 Noyabr 2018 22:35
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 25-də səhər saatlarında Azov dənizində Ukrayna və Rusiya sərhədçiləri arasında yaşanan insident dünyanın müzakirə etdiyi başlıca mövzulardan birinə çevrilib. Bu hadisənin baş verməsinə qədər, əslində Azov dənizinin iki ölkənin paylaşa bilməyəcəyi bir platformaya çevrildiyi aydın sezilirdi. Ancaq bu dəfə silahın işə düşməsi vəziyyətin daha ciddi olduğunu göstərdi.

2013-cü ilin sonunadək Ukrayna və Rusiya arasında Azovla bağlı heç bir problem olmayıb və iki ölkə arasında dənizdən birgə istifadəyə dair saziş mövcud olub. Bu saziş hələ də qüvvədədir. Sadəcə, Rusiyanın Krımla birləşdirən körpü istifadəyə verildikdən sonra vəziyyət köklü sürətdə dəyişib. Belə ki, Rusiyanın Azov dənizinin böyük hissəsini daxili suları sayması Ukraynaya ciddi təhlükəsizlik və iqtisadi problemlər, o cümlədən Ukraynanın dəniz limanı Odessadan gəmilərin Azov dənizindəki Mariopol limanına strateji malların daşınmasında çətinliklər yaratmağa başlayıb.

Son olaraq, noyabrın 25-də səhər saatlarında Rusiya dəniz qüvvələrinə məxsus gəmilərin Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açması tərəflər arasında ciddi qarşıdurmaya gətirib çıxarıb. Artıq Ukraynada müharibə ritorikasının səsləndirilməsinə də rast gəlmək mümkündür. Onu da qeyd edək ki, 2013-cü ildən ilk dəfədir, Rusiya silahlı qüvvələri tərəfindən Ukrayna silahlı qüvvələrinə açıq şəkildə atəş açılıb. Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumatda Rusiya sərhəd qoşunlarının Ukrayna dəniz qüvvələrinə aid iki zirehli - "Berdyansk" və "Nikopol" kateri, həmçinin "Yana Kapu" yedək gəmisini atəşə tutaraq ələ keçirildiyi bildirilib. Rusiya Federal Təhlükəsizlik Xidməti isə Ukrayna gəmilərinin Rusiya tərəfinin heç bir tələbinə məhəl qoymayaraq, BMT-nin Dəniz hüququna dair Konvensiyasını kobud şəkildə pozduğunu iddia edib.

Ukrayna tərəfi Moskvanı təxribat törətməkdə ittiham edərək Rusiya gəmilərinin Ukrayna gəmilərinə qarşı təcavüzkar davranışlarının dünya ictimaiyyəti tərəfindən cəzalandırılmalı olduğunu xüsusilə vurğulayıb. Hadisə baş verdikdən dərhal sonra Ukrayna ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib və Ukrayna Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Prezident Administrasiyası məsələ ilə bağlı dərhal açıqlama yayaraq, rəsmi Moskvanı ittiham edib və dünya ictimaiyyətini müvafiq addımlar atmağa çağırıb. Rəsmi Kiyev BMT Təhlükəsizlik Şurasına, ATƏT-ə və NATO-ya müraciət edərək növbədənkənar iclas keçirilməsini tələb edib. Hətta insidentin araşdırılması üçün NATO-Ukrayna birgə komissiyasının yaradılması gündəmə gəlib.

Hər iki ölkənin ekspertləri son hadisəyə müxtəlif çalarlar verirlər. Rusiyanın siyasi və ekspert mərkəzləri Ukrayna gəmilərinin “son təxribatının” arxasında iki məqamın dayandığını vurğulayırlar. 2019-cu ilin martın sonunda Ukraynada prezident seçkilərinin keçiriləcəyini və hazırkı prezident Petro Poroşenkonun reytinqinin o qədər də yüksək olmadığını qeyd edən ekspertlər regiondakı vəziyyəti gərginləşdirən birinci güc olaraq məhz onu görürlər. Ekspertlərin fikrincə, P.Poroşenko Azov dənizində vəziyyəti qəsdən mürəkkəbləşdirməklə ölkədə müharibə vəziyyəti elan edib, seçkiləri təxirə salmaq istəyir. Reytinq məsələsinin narahatlıq doğurduğunu demək mümkün olsa da, Ukraynadakı siyasi qüvvələrin P.Poroşenkonun seçkini təxirə salmaq fikrini asanlıqla qəbul edəcəklərini demək çox çətindir. Bununla da, rusiyalı ekspertlərin ortaya atdığı bu iddianı sırf P.Poroşenkonun nüfuzuna zərbə vurmaq mahiyyəti daşıdığını təxmin etmək olar. Digər bir ehtimal isə Azov hadisəsindən yararlanaraq Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməkdir.

Ekspertlərin digər bir versiyasına görə isə Azovdakı gərgin vəziyyətin arxasında ABŞ-dakı siyasi mərkəzlər dayanır. Bununla ABŞ rəsmiləri yaxın günlərdə Argentinada keçiriləcək G20 sammiti çərçivəsində Rusiya və Birləşmiş Ştatlar prezidentlərinin nəzərdə tutulan görüşünü Azov dənizindəki gərginlik fonunda pozmaq istəyirlər.

/Azərtac/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər