Suriyanın Haseke rayonunun Qamışlı qəsəbəsində PYD tərəfindən “Afrində demoqrafik dəyişiklik və etnik soyqrım” adlı toplantı keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Toplantı Türkiyənin Fərat çayının şərqində hərbi əməliyyat keçirməsinə hazırlıq ərəfəsinə təsadüf edir. Konfransda onlarla Qərb siyasətçisi iştirak edib.
PKK-nın yandaş təşkilatı olan PYD-nin təşkil etdiyi tədbirə keçmiş PKK lideri Salih Müslim, Qəndildən bölgəyə göndərilmiş Polad Can, eləcə də Fransa, Almaniya, İsveçrə, Avstriya, Danimarka və ABŞ daxil olmaqla müxtəlif ölkələrdən 60-dan çox alim, siyasətçi, təqaüddə olan hərbçi qatılıb.
Dekabrın 2-də başlayan və bu gün başa çatası tədbirdə qalmaqal yaradan fikir və ifadələr işlədilib.
Konfrans Türkiyənin “işğalçı”, “soyqrımçı” iddiası altında baş tutub.
Diqqət çəkən məqamlardan biri də toplantıda Fransanın sabiq xarici işlər naziri, yəhudi əsilli Bernard Kuşnerin ifadələri olub.
O, konfransda “hər birimiz Türkiyənin işğalına qarşı durmalıyıq” ifadəsini işlədib, habelə Türkiyənin Suriyanın şimalına “qanunsuz” fəaliyyət göstərdiyini iddia edib.
Qeyd edək ki, Bernard Kuşner Şimali İraqda Bərzani tərəfindən keçirilən və uğursuzluğa düçar olan “müstəqillik referendumu”nu qızğın müdafiə edən şəxslərdən olub.
Sabiq nazir “Gələcəkdə Kürdüstan dövlətinin vətəndaşı olmaq istəyirəm” sözü ilə referendum ərəfəsində diqqəti cəlb etmişdi.