Avstraliya Xarici İşlər Nazirliyi (XİN) İran əsilli vətəndaşlarına müraciət edərək, bu ölkəyə səfər etməməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, rəsmi çağırış Meymənət Hüseyni Çavuşinin İranda həbs edilməsindən bir gün sonra Avstraliya XİN-in saytında dərc edilib.
Məlumatda XİN İran əsilli Avstraliya vətəndaşlarından bu ölkəyə planlaşdırdıqları səfərləri ləğv etməsini istəyib.
Eyni zamanda, məlumatda vətəndaşların İranda qanunsuz həbs təhlükəsi gözlədiyi vurğulanır:
“Tədqiqat və akademik fəaliyyətlər ilə məşğul olan vətəndaşlar İran rəsmilərinin diqqətini çəkdiyinə görə, onlar bu ölkəyə səfər etdikləri təqdirdə həbs oluna bilərlər. Buna görə də akademik fəaliyyətlə məşğul olanlar və tələbələr bu tövsiyələri diqqətdə saxlamalıdır”.
Qeyd edək ki, Avstraliya Milli Universitetinin tədqiqatçısı və demoqrafiya müəllimi olan Meymənət Hüseyni Çavuşi İrandan çıxarkən həbs edilib.
İran təhlükəsizlik qurumları onu xarici xüsusi xidmət orqanlarına işləməkdə ittiham edir.