ABŞ və Çin arasında ticarət savaşı ikitərəfli münasibətlərdəki gərginliyin üzdə görünən hissəsidir, əsl savaş başlamaq üzrədir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Wall Street” jurnalı məlumat yayıb.
Mənbə Donald Tramp administrasiyasının Çini iqtisadi və kiber casusluqda ittiham etməyə hazırlaşdığını iddia edib.
ABŞ-ın ticari sirlərini, hökumət və özəl şirkətlərə məxsus gizli məlumatlarını Çinin ələ keçirildiyi bildirilən məqalədə qeyd edilib ki, yaxın günlərdə Ağ Ev bununla bağlı hesabat yayacaq.
Çinə yönəlik ilk addımın ABŞ Ədliyyə Nazirliyi tərəfindən atılacağı vurğulanıb. Nazirlik Çin kəşfiyyatına işlədiyi və ABŞ-ın kibernetika şəbəkəsinə dair məlumatları ələ keçirdiyi iddia edilən hakerlərlə bağlı ittihamnamə hazırlayıb.
İttihamnamədə Çinin Təhlükəsizlik Nazirliyinə işləyən haker şəbəkəsinin ifşa edildiyi iddiasına yer verilib.
Jurnal rəsmi Vaşinqtonun Çinə qarşı sərt qərarları ABŞ Dövlət Departamenti, Ədliyyə Nazirliyi, Xəzinə Nazirliyi və Daxili Təhlükəsizlik Şurasının birgə qərarı ilə verildiyinə diqqət çəkib.
Bu çərçivədə Çinə qarşı “ağır zərbə” effektli tədbirlərin görülməsi planlaşdırılır.