Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, Gürcüstanın ilk qadın prezidenti Telavi şəhərində qədim çar kompleksi olan II İrakli sarayında and içib.
Salome Zurabişvili prezident səlahiyyətlərini vicdanla yerinə yetirəcəyinə söz verib. Onun sözlərinə görə, ölkənin müstəqilliyinin qorunub saxlanması, vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların rifahı üçün əlindən gələni edəcək.
Mərasimdə Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili, baş nazir Mamuka Baxtadze, parlament sədri İrakli Kobaxidze, hökumət üzvləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edib.
Tədbirə 55 ölkədən 150-dən çox yüksək səviyyəli nümayəndə qatılıb. Azərbaycanı mərasimdə Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Qeyd edək ki, Salome Zurabişvili 6 il müddətinə ölkəni idarə edəcək.