19 Dekabr 2018 16:48
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) baş katibi postuna Belarus Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın namizədliyini dəstəkləyir.

Teleqraf.com xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov deyib.

Prezident bu barədə KTMT-yə üzv dövlətlər arasında anlaşmanın əldə edildiyini bildirib:

“Mənim namizədim Stanislav Zasdır. Müzakirə etdik və onun baş katib olması qərarını verdik. Hesab edirəm ki, belə bir vacib və zəruri təşkilat baş katibsiz qalmamalıdır”.

Qırğızıstandan əvvəl Qazaxıstan və Tacikistan da Belarus nümayəndəsinin namizədliyini dəstəklədiyini açıqlayıb.

Qeyd edək ki, rəsmi İrəvan KTMT-də rəhbərliyin hələ 2020-ci ilədək Ermənistanda qalmalı olduğunu iddia edir.

Ermənistanda barəsində cinayət işi açıldığına görə KTMT-nin baş katibi Yuri Xaçaturovun vaxtından əvvəl tutduğu postdan uzaqlaşdırılmasından sonra dönəm rəhbərliyi İrəvandan alınıb. Buna baxmayaraq, Ermənistan rəhbərliyi postun İrəvanda qalmasına təkid edir.


Müəllif: Mənsur Rəğbətoğlu