2019-cu il yanvarın 1-dən ABŞ müdafiə naziri vəzifəsini Patrik Şanahan icra edəcək.
Teleqraf.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp istefa verən general Mettisin vəzifə müddətinin başa çatmasını gözləməyərək Müdafiə Nazirliyini Patrik Şanahana tapşırdığını elan edib.
Patrik Şanahan Pentaqona müvəqqəti rəhbərlik edəcək. Bir müddət sonra isə prezident nazir vəzifəsinə təyin edəcəyi şəxsin adını açıqlayacaq.
Müşahidəçilər hesab edirlər ki, Patrik Şanahan özü də müdafiə naziri təyin oluna bilər.
O, əsasən biznes və iş dünyasında tanınmış şəxsdir. Əsasən “Təmirçi” ləqəbi ilə tanınır.
56 yaşlı mütəxəssis ixtisasca mühəndisdir, “Boeing” şirkətində çalışıb, eyni zamanda hərbi silahların hazırlanmasında iştirak edib.
Vaşinqton Post qəzeti isə bəyan edib ki, prezidentin nazir vəzifəsinə təyin etmək üçün nəzərdən keçirdiyi şəxslərin heç biri hərbçi deyil.