İraqdan çıxmaqla bağlı heç bir planımız yoxdur. Əgər Suriyada bir iş görmək istəsək, İraqdakı mövqelərimizdən istifadə edə bilərik.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp İraqdakı ABŞ hərbi bazasında əsgərlərlə görüşündə deyib.
Prezident əlavə edib ki, ABŞ-ın Suriyadan çıxmasına görə İsrailin narahatlığına ehtiyac yoxdur:
“İsrailə hər il təhlükəsizlik məqsədilə 4-5 milyard dollar veririk. Yaxşı olacaq. İsrailə göz-qulaq olacağıq... İsrail üçün hər şey yaxşı olacaq”.
Prezident əlavə edib ki, ABŞ daha dünyada polis rolunu oynamayacaq: “Biz bu cür davam edə bilmərik. ABŞ cəmiyyəti olaraq yenidən hörmət görürük”.
Prezident Türkiyə lideri Ərdoğanla telefon söhbəti haqqında da əsgərlərə danışıb: “İŞİD-i məhv etmək istəyən prezident Ərdoğanla məhsuldar müzakirəmiz oldu. Ərdoğan və digərləri Suriyada qalan az sayda İŞİD terrorçularını məhv edəcək. Biz onların bölgəsindəyik. Ancaq ağırlığı onların daşıması lazımdır. Lakin bunu edə bilmirlər. Ərdoğan Suriyada İŞİD-dən qalan nə varsa bitirmək istəyir”.
Prezident sonda deyib ki, Suriyadan çıxmaq qərarı verərkən bəzi generallar bir qədər də gözləməyin vacibliyini deyib, lakin o bu təklifi qəbul etməyib.
Qeyd edək ki, Donald Tramp İraqa səfəri zamanı bu ölkənin heç bir rəsmi şəxsi ilə görüşməyib, yalnız İraqın baş naziri ilə qısa telefon müzakirəsi aparıb. İraqda təxminən 3 saat qalan Tramp daha sonra Almaniyaya gələrək buradakı ABŞ əsgərlərinə də baş çəkib.