Koreya Xalq Demokratik Respublikası (KXDR) əcnəbiləri Yeni ili ölkənin turizm mərkəzlərində qeyd etməyə çağırır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, KXDR-in Dövlət Turizm Administrasiyası bununla bağlı xüsusi turlar planı hazırlayıb.
Plana əsasən, dekabrın son günlərindən yanvarın 5-dək davam edəcək tur çərçivəsində əcnəbi turistlər paytaxt Pxenyan da daxil olmaqla ölkənin bir neçə yerində turizm obyektlərinə baş çəkə biləcəklər. Bura Pxenyanın Kim İr-sen meydanında Yeni ilin qarşılanması şənliyində iştirak, buz festivalını, Cənubi Koreya ilə həmsərhəd bölgədəki Keson şəhərini, Myohyanq dağını ziyarət və s. aiddir.
Qeyd edək ki, Şimali Koreya xaricilər üçün ən çox qapalı dövlətlərdən biri hesab olunur. Bu ölkəyə xarici turistlərin səfərləri çox məhdud saydadır. KXDR-in əcnəbilər üçün Yeni il turları təklif etməsi də nadir hadisələrdəndir. Mütəxəssislər bunu beynəlxalq sanksiyaların təzyiqi altında olan Şimali Koreyanın ölkəyə valyuta cəlb etmək üçün yeni yollar axtarışı kimi qiymətləndirirlər.