Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz “Avropa Birliyi - Ərəb Birliyi”nin zirvəsində ciddi səhvə yol verib.
Teleqraf.com xəbər verir ki, sözügedən zirvə toplantısı Misirdə keçirilir.
Açılış mərasimində çıxış edən Kral Salman bin Əbdüləziz Səudiyyə Ərəbistanının Fələstin məsələsində dəyişməz mövqeyinə dair fikirlərini ifadə edib.
Kral çıxışı zamanı “Paytaxtı Şərqi Qüds olan və 1937-ci il sərhədləri daxilində müstəqil bir Fələstin dövlətinin qurulması başda olmaqla Fələstin xalqının təbii haqlarının geri qaytarılması mövzusunda dəyişməz siyasətimizi təkrar edirəm” ifadəsini işlədib. Başqa sözlə, Kral əlindəki yazılı mətni oxuyarkən, “1967-ci il sərhədləri” əvəzinə “1937-ci il sərhədləri” fikrini işlədib.
Bununla bağlı Səudiyyə Ərəbistanı və ya İsrail rəsmiləri tərəfindən heç bir açıqlama verilməyib. Ancaq Kralın bu fikri zaldakılar tərəfindən təəccüblə qarşılanıb. Bunun səhv və ya bilərəkdən səsləndirilməsi hələlik bəlli deyil.
Xatırladaq ki, zirvə toplantısına Ərəb Birliyinin 21 aktiv üzvündən 11 kral əmr və prezident səviyyəsində təmsil olunur. Toplantıya 4 dövlətin baş naziri və nazirləri, iki dövlətin isə səfirləri qatılıb.
Qətər toplantıya Ərəb Birliyindəki təmsilçisini, BƏƏ isə Fecira valisini göndərib.