NATO Gürcüstanın ərazi bütövlüyünü və istiqlalını dəstəkləyir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Gürcüstanda səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Baş katib Tiflisdə Gürcüstanın baş naziri Mumuka Baxtadze ilə görüşdən sonra mətbuat konfransı keçirib.
Rusiya ilə Gürcüstan arasında müşahidə edilən qarşıdurmaların sülh yolu ilə həllini dəstəklədiyini deyən baş katib əlavə edib ki, NATO Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir: “Qara dəniz regionunun təhlükəsizliyi məsələsində NATO Gürcüstanla əməkdaşlığı gücləndirmək niyyətindədir. Bu əməkdaşlıq gücləndiriləcək. Qara dəniz regionunda təhlükəsizlik NATO üçün son dərəcədə əhəmiyyətlidir. Krımı ilhaq edən Rusiya regionda öz maraqlarının arxasındadır”.
Gürcüstanın NATO üzvü olması üçün işlədiklərini vurğulayan Stoltenberq “ümid edirik ki, sizi yaxın zamanlarda NATO-da salamlayaram” ifadəsini işlədib.
Baş katib Gürcüstanın NATO-ya inteqrasiyasının sadəcə Gürcüstan və NATO-nun verəcəyi bir qərar olduğunu, bu mərhələyə Rusiya və hər hansı bir üçüncü bir ölkənin qarışmayacağını qeyd edib.
Qeyd edək ki, Yens Stoltenberq Gürcüstana səfəri çərçivəsində NATO - Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə (JTEC) də baş çəkəcək.