ABŞ dövlət katibi Mayk Pompeo ölkəsinin Xəlifə Haftarın Liviya paytaxtı Tripoliyə qarşı başladığı hücuma qarşı olduğunu və hücumun dərhal dayandırılmasını tələb edib.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın baş diplomatı Tripoliyə hücumdan ciddi narahatlıq keçirdiyini ifadə edib:
“Biz Xəlifə Haftarın Tripoliyə hücumuna qarşı olduğumuzu açıq bildirdik. Liviyanın paytaxtı Tripoliyə hücumun dərhal dayandırılmasını istəyirik. Hərbçilər hücumdan əvvəlki mövqelərinə qayıtmalıdır”.
Pompoe əlavə edib ki, Liviyada bütün tərəflər gərginliyi azaltmaq məsələsində məsuliyyət daşıyırlar. Onun sözlərinə görə, Xəlifə Haftarın qəfil hücumu mülki insanları təhlükəyə salır və Liviyanın gələcəyini təhdid edir.
Qeyd edək ki, ABŞ-ın Afrika Qüvvələri Komandanlığı dünən Liviyada yaşanan silahlı qarşıdurmalar səbəbindən ölkədəki ABŞ əsgərlərini evakuasiya edib.
Rusiyaya yaxınlığı ilə tanınan feldmarşal Xəlifə Haftar isə paytaxt Tripoliyə hücumlara aprelin 4-dən başlayıb. Məqsəd Liviya milli birlik hökumətinin başçısı Fayizə es-Sarracı devirmək və paytaxtı ələ keçirərək öz hakimiyyətini qurmaqdır.