Qohumlarından Gürcüstanın paytaxtı Tiflis şəhərinə qaçıb gəlmiş Səudiyyə Ərəbistanından olan bacılar təhlükəsiz sığınacaq axtarırlar.
Teleqraf.com xəbər verir ki, Maha və Vəfa Əl-Subaye bacıları Tvitterdə paylaşım edərək, həyatlarının təhlükə qarşısında olduğunu bildiriblər.
Bacılar öz ölkələrində məişət zorakılığı ilə üzləşiblər.
Maha və Vəfa möcüzəvi şəkildə ölkədən qaçmağa nail olduqlarını deyirlər:
“Rəsmi olaraq qadının ər, qardaş və ya atanın razılığı olmadan səyahət etməsinə icazə verilmir. Əvvəlcə İstanbula uçduq. Buradan Trabzona, daha sonra Batumi, nəhayət, Tiflisə gəldik.
Bizim bu addımımız ölkəmizdə çox ciddi məsələdir. Viza almadan Səudiyyə Ərəbistanından Gürcüstana gedə bilərsiniz, buna görə də qardaşlarımız və ya atalarımız hər zaman bura gələ bilərlər. Biz icazə almadan gələ bildik, üzümüzü göstərdik”.
Ailənin üzvlərinin onları tapdıqdan sonra nə baş verəcəyinə dair suala qızlar düşünmədən cavab verirlər:
“Bizi öldürəcəklər. Səudiyyə Ərəbistanında qalmaq normal deyil. Qadınların heç bir haqqı tanınmır. Biz normal bir həyat istəyirik. Atalarımıza, qardaşlarımıza bu haqqımızı əlimizdən almağa icazə verməyəcəyik”.
Bacılar özlərini təhlükəsizlikdə hiss edə biləcəkləri bir ölkəyə sığınmaq istəyirlər. Buna görə də, Hollandiyaya getməyə cəhd etsələr də, hava limanında pasportlarının artıq etibarlı olmadığını bildiriblər.
“Human Rights Watch” təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Georgi Qoqa bacılara yardımın edildiyini deyib.
Artıq Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin nümayəndələri bacılarla görüşüb və onlara yardım sözü verilib.