20 İyun 2019 14:12
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranı münaqişəyə bəhanə verəcək təxribatlara cəlb etməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bunu “Sputnik” radiosunun efirində rusiyalı siyasi analitik Maksim Jarov İran tərəfindən ABŞ-ın pilotsuz uçuş aparatının vurulmasını şərh edərkən, bildirib.

“Situasiya qızışmaqdadır. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) vurduğu pilotsuz uçuş aparatı (PUA) ilə bağlı mənim fikrimcə, ərəb mətbuatında dövr edən məlumat onu təsdiq edir ki, əslində Oman körfəzində tanker Amerika PUA-ları tərəfindən hücuma məruz qalıb. Hətta bir neçə raketin fotosu da mövcuddur. Buna görə də hesab edirəm ki, əgər İran indi daha ciddi sübutlar (döyüş sursatının qalıqları, onun məhv edilməsinin videoyazısı) təqdim edərsə, bu, ABŞ-ın İranı sözlə təxribata çəkməkdən əməldə – birbaşa təxribata çəkməyə başlamasının ciddi sübutu olacaq. Biz Pentaqon nümayəndələrinin bəyanatları əsasında bilirik ki, İrana qarşı müharibə ABŞ ordusunun itki verdiyi istənilən halda başlaya bilər. Yəni, amerikalılar ABŞ-ın bir neçə itkisi ilə müşayiət olunacaq hərəkətlərlə İranı təxribata çəkməyə çalışırlar”, – deyə Maksim Jarov güman edir.

Politoloqun fikrincə, bu halda ən sonuncu rolu İsraildəki siyasi vəziyyət oynaya bilər:

“İndi Amerikanın Yaxın Şərqdəki siyasəti çıxılmaz vəziyyətə düşüb. Biz görürük ki, Amerikanın Suriyada Bəşər Əsədin devrilməsi ilə bağlı planı bir sıra terrorçu qrupların peyda olması səbəbindən faktiki olaraq iflasa uğrayıb. Vəziyyət normallaşmağa başlayır. İranla problemlər var. İsraildə ciddi daxili siyasi böhran mövcuddur və mən hesab edirəm ki, İran ətrafında gərginliyin getdikcə artması həm də baş nazir Benyamin Netanyahunun parlament koalisiyası və hökumət formalaşdıra bilmədiyi üçün payızda İsraildə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlıdır. İsrailin ən təhlükəli, ən qatı düşməni olan İran ətrafında gərginliyin artması bir çoxlarına, o cümlədən bəzi israilli siyasətçilərə də faydalıdır. Ümid edirəm ki, silahlı toqquşma olmayacaq. Amma təəssüf ki, amerikalılar İrandakı siyasi rejimə qarşı güclü şəkildə çıxmaq əhval-ruhiyyəsindədirlər”.


Müəllif: Səxavət