“Ermənistanın öz maraqları var, İsrailin öz maraqları və bu, normaldır”.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin Ermənistana yeni təyin olunmuş səfiri Eliav Belotserkovski erməni jurnalistlərin Təl-Əvivin Bakıya silah satmasına dair sualını cavablandırarkən deyib.
İsrailli diplomat suala geniş şərh verməkdən imtina edib.
Belotserkovskinin suala cavab verməkdən imtina etməsi erməni mediasını qəzəbləndirib. Ermənistan KİV İsraili Azərbaycanı – “Ermənistanın düşməni”ni silahlandırmaqda ittiham edib.
“Təl-Əviv Azərbaycan iqtisadiyyatına yüz milyonlarla dollar yatırım qoyub və Azərbaycan ordusunun modernləşməsini dəstəkləyir. Digər Cənubi Qafqaz ölkəsinə gəlincə, İsrail bu ölkəni də dəstəkləyir. Qafqazda İsraildən dəstək ala bilməyən yeganə dövlət Ermənistandır”, - deyə erməni KİV qeyd edir.
Erməni mənbələr eyni zamanda, İsrailin düşməni adlandırdığı İranın Ermənistanın strateji müttəfiqi olduğunu xatırladıb: “Ermənilərin aktiv olduğu İran Ermənistan üçün həm də dost ölkədir. İran Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, bütün həssas məsələlərdə Ermənistanı dəstəkləyir. İsrailin Ermenistana olan marağına gəlincə, Ermənistanda Təl-Əvivin güvənə biləcəyi yəhudi icması yoxdur. Hər nə olur-olsun, İsrail Azərbaycanın yanında olacaq və bu ölkəni silahlandırmağa davam edəcək”.