18 İyul 2019 13:15
1 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Rusiyadan aldığı S-400 komplekslərinin ölkəyə gətirilməsindən sonra ABŞ-ın atacağı addımlar maraqla gözlənilirdi. Bununla belə Prezident Donald Trampla administrasiyası arasında bu məsələdə fikir ayrılığının olduğu hiss olunurdu. ABŞ dünən axşam saatlarında Türkiyənin F-35 müştərək hücum təyyarəsi proqramından çıxarılması mərhələsinin başandığını elan edib.

Teleqraf.com-un xəbərinə görə, Prezident Trampın müdaxiləsi ilə ötən bazar və cümə günü təxirə salınan Pentaqonun S-400 toplantısı dünən axşam saat 22:00-da baş tutub.

ABŞ müdafiə nazirinin müşaviri Ellen Lord bəyan edib ki, ABŞ və digər F-35 ortaqları Türkiyənin proqramdan uzaqlaşdırılması və rəsmən çıxarılması üçün mərhələnin başladılması məsələsində eyni mövqedədir.

Qeyd edək ki, Pentaqonun məlum açıqlamasından əvvəl Ağ Ev Türkiyə mövzusunda yazılı açıqlama ilə çıxış edib.

“Təəssüflər olsun ki, Türkiyənin rus S-400 hava müdafiə komplekslərini alması qərarı F-35-lərlə bağlı mövcud olan münasibətlərimizin davam etdirilməsinə imkan tanımayıb. F-35 onun imkanlarını öyrənmək üçün istifadə ediləcək rus kəşfiyyat toplama platforması ilə bir arada ola bilməz”, - Ağ Ev açıqlamasında qeyd edilib.

Mütəxəssislər isə daha çox F-35 və Türkiyə mövzusunda Pentaqonla Ağ Evdən gələn açıqlamalarda istifadə olunan təmkinli dilə diqqət çəkirlər.

Ağ Ev Türkiyənin 65 ildir ki, NATO-nun köhnə və etibarlı bir müttəfiqi olduğunu vurğulayıb və sərt fikirlərdən mümkün qədər qaçıb: “ABŞ Türkiyə ilə strateji əlaqələrinə olduqca qiymət verir. NATO müttəfiqi olaraq əlaqələrimiz çoxtərəflidir və ancaq F-35-lər səviyyəsinə endirilə bilməz. Hərbi əlaqələrimizi güclü şəkildə və Türkiyədə S-400 sisteminin olmasına nəzərə alaraq, geniş formada iş davam etdirəcəyik”.

Qeyd edək ki, Türkiyənin F-35-lərin istehsalı proqramından çıxarılmasından sonra görəcəyi zərər 9 milyard dollara yaxın olacaq. Türkiyənin F-35-lərin tədarük prosesindən çıxarılması səbəbindən proqramın özü 500-600 milyon dollar zərər görəcək.

Xatırladaq ki, Yaponiyada keçirilən G20 zirvə toplantısında ABŞ Prezidenti Donald Tramp Türkiyənin Rusiyadan S-400 kompleksləri almasına məcbur qaldığı və buna səbəb kimi sələfi Obamanın Türkiyəyə qarşı əngəl yaratmasını göstərmişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər