“Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ölkədən gedən vətəndaşların geri qayıdışı gözlənilsə də, belə bir proses müşahidə olunmur”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Diaspor Komitəsinin komissarı Zare Sinanyan deyib.
Sinanyan ölkədən gedən ermənilərin sosial-iqtisadi problemlər səbəbindən geri qayıtmaq istəmədiyini bildirib:
“Digər yandan, dövlətin qapısı ölkəyə qayıtmaq istəyən vətəndaşlara açıq olmalıdır, amma indi dövlət on minlərlə geri qayıdacaq vətəndaşı qəbul etməyə hazır deyil. Hələlik hökumətin iqtisadi inkişaf və ya geri qayıdacaq vətəndaşlarla bağlı hansı proqramının olduğu da bilinmir. Yalnız belə bir proqram üzərində iş getdiyi elan olunub”.
Erməni KİV xatırladır ki, yeni hakim komanda gələndə Ermənistandan yüz minlərlə vətəndaşın sosial-iqtisadi problemlər səbəbindən başqa ölkələrə üz tutduğunu bəyan etsə də, bu gün onları geri qaytara biləcək addımlar atmaq niyyətindən uzaqdır. Mənbələr hakimiyyət dəyişikliyindən sonra da xaricə, xüsusilə də Rusiyaya miqrant axınının davam etdiyini bildirir. Bunun səbəbi Ermənistanda məşğulluğun aşağı olması, yeni iş yerlərinin açılmaması, mövcud iş yerlərinin bağlanılması, total sosial-iqtisadi böhranın davam etməsidir.
Son hesabata görə, Ermənistanda 1 milyon əhali yoxsulluq səviyyəsində yaşayır. Erməni KİV bu insanların ən qısa vaxtda Ermənistandan getməyə hazır olduğuna diqqət çəkir.