12 Sentyabr 2014 10:16
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya ölkələri ABŞ prezidenti Barak Obamanın “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına dair planını dəstəkləyir.

Teleqraf.com-un “Amerikanın səsi”nə istinadən verdiyi xəbərə görə, beynəlxalq strateji araşdırmalar institutunda təhlilçi, təqaüddə olan briqada generalı Ben Barri Avropa ölkələri və xalqlarının İraq kampaniyasına bundan əvvəl olduğu kimi dəstək verəcəyini hesab edir.

Ben Barri deyib: “Bu ölkələrin hökumətlərinin liderləri siyasi, ictimai və mətbuatın dəstəyini ala biləcəyinə əmin olmasaydı, bu görüş baş verməzdi.”

O bildirib ki, bu, ictimai rəy sorğularında əks olub. Gələn həftə səylərin koordinasiya edilməsi və geniş ictimai dəstəyə nail olunması üçün Fransada görüş keçiriləcək.

Avropalı ekspertlər düşünür ki, quru qoşunları cəlb edilsə, yəqin ki dəstək daha az olacaq. Lakin İŞİD-i məğlub etmək üçün təəssüf ki, bir məqamda quru qüvvələrə ehtiyac olacaq.

Hazırda hava hücumları ilə yanaşı prezident Obama İraqa təlim və məsləhət verilməsi və kəşfiyyat məlumatlarının bölüşdürülməsi məqsədilə 475 hərbi ekspert göndərir. Bəzi müttəfiq ölkələr İraqı hərbi təchizatla təmin edir.

Lakin prezident Obama daha çox ölkənin səylərə cəlb edilməsini istəyir: “Amerikanın gücü mühüm dəyişiklik edə bilər, lakin biz iraqlıların görə biləcəyi işi edə bilmərik, nə də regionun təhlükəsiziyinin təmin edilməsi işində ərəb müttəfiqlərinin yerini tuta bilmərik”.

ABŞ Dövlət katibi Con Kerri bu köməyi almaq üçün Yaxın Şərqə səfər edib.

Səudiyyə Ərəbistanı təlim üçün baza təmin etməyə razı olub.

Təhlilçi Robin Simkoks regionun özündən köməyin vacib olduğunu deyir: “Bu, təkcə Amerikanın problemi deyil. Bu, xüsusilə Yaxın Şərq üçün təhlükədir. Ona görə də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Türkiyənin bu məsələdə ABŞ-ın köməyinə gələcəyinə ümid edilir.”

Londonda Chatam House mərkəzində təhlilçi Ketlin Makinnis deyir ki, ərəb ölkələri militanlara qarşı mübarizə məsələsində fərqli baxışa malikdir:“Məsələ təkcə İŞİD-i məğlub etməkdə deyil. Burada söhbət Yaxın Şərqin gələcəyindən gedir. Bu isə koalisiya perspektivlərindən daha mürəkkəb bir məsələdir”.

Prezident Obama İŞİD-ə qarşı mübarizənin uzun müddət, bəlkə də illər aparacağını və belə bir kampaniyada geriləmələrin də ola biləcəyini deyib. Bu səylərlə prezidentin quracağı koalisiyanı birgə saxlaya və buna ictimai dəstək qazana biləcəyi sınaqdan keçiriləcək.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər