Çində şiddətli "Lekima" qasırğasının törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 28-ə çatıb.
Teleqraf.com xəbər verir ki, itkin düşənlərin sayı 20-dir. Hazırda itkin düşənlərin axtarışları davam etdirilir. Dünən Çin sahillərinə çatan qasırğa əsasən ölkənin Cıcian vilayətində ciddi tələfat və dağıntı ilə nəticələnib. Vencou şəhərinin Yoncia dairəsində qasırğanın gətirdiyi şiddətli yağışlar torpaq sürüşməsinə səbəb olub. Palçıq axını çayın qarşısını kəsib və daşqın suları qəsəbəni basıb. Vilayətdə 173 min hektar əkin sahəsi daşqın sularının atında qalıb, 34 min ev zərər görüb.
Ümumilikdə, qasırğa səbəbindən 1 milyondan çox insan təxliyə edilib. Cıcian vilayətində qasırğanın törətdiyi fəsadlar 5 milyona yaxın sakinə mənfi təsir edib. Ümumi maddi zərər 14,57 milyard yuan (təxminən 2,1 milyard ABŞ dolları) qiymətləndirilir.
"Lekima" hazırda şimal istiqamətində Şandun vilayətinə doğru hərəkət edir. Hava limanlarından 47 təyyarənin uçuşu təxirə salınıb.