24 Avqust 11:23
1 054

“Ötən il Türkiyəyə müalicə məqsədli 800 mindən çox əcnəbi xəstə gəlib. Onlar ən çox kosmetoloji müalicə üçün Türkiyəni seçir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Savran Klinikasının təsisçisi Seçkin Savran deyib.

Onun sözlərinə görə, Türkiyəyə əcnəbi xəstə gəlişi ildən-ilə artır: “Gəliri 8 milyard dollardan çox olan sağlamlıq turizminin hədəfində 2020-ci il üçün 5 milyon əcnəbi xəstə və 40 milyard dollar gəlir olacaq”.

Seçkin Savran 2010-cu ildən bu yana təxminən 80 min əcnəbi xəstənin Türkiyənin dövlət və özəl tibb müəssisələrinə gəldiyini söyləyib:

“Getdikcə əcnəbi xəstələrin sayının 10 dəfə artdığı müşahidə olunur. Əminliklə deyə bilərəm ki, xidmət və müalicə keyfiyyətimiz artdıqca, bu rəqəmlər də böyüyəcək. 2019-cu ildə təxminən 1 milyon xəstənin fərdi baxım və müalicə məqsədilə Türkiyəyə gələcəyini düşünürük”.

Həkim Türkiyəyə ən çox Almaniya, Azərbaycan, İraq kimi ölkələrdən xəstə gəldiyini bildirib.

Seçkin Savran ölkəsində tibb turizminin bu cür inkişafını sağlamlıq turizmi, işçi heyəti, xəstəxana, yerləşmə, tərcümə və rəhbərlik xidmətləri, sığorta əməliyyatları, yerləşmə, qida və içki məhsulları daxil olmaqla bütün tibb xidmətlərinin təşkilinin büdcəyə qazanc gətirdiyini və ölkəsinə nüfuz qazandırdığını bildirib.


Müəllif: İmamət İsmayılova