ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Prezident Donald Trampa Türkiyəyə sanksiyalar tətbiqinə dair çağırış edib.
Teleqraf.com xəbər verir ki, çağırış Ankaranın Moskvadan aldığı S-400 komplekslərinin Türkiyəyə çatdırılmasının ikinci mərhələsinin başladığı günə təsadüf edib.
Xarici Əlaqələr Komitəsinin Tvitter üzərindən yaydığı açıqlamada deyilir: “Prezident Tramp ABŞ qanunlarının tələbinə uyğun olaraq S-400 hava hücumundan müdafiə sistemləri alması səbəbindən Türkiyəyə sanksiyalar tətbiq etməlidir. Türkiyənin mənafeyinə Kremllə yox, ABŞ-la müttəfiqlik xidmət edər”.
Qeyd edək ki, ABŞ-ın həm respublikaçı, həm də demokratları S-400 kompleksi alması səbəbindən Türkiyəyə ciddi sanksiyalar tətbiq etməsi üçün Prezident Trampa təzyiq göstərir. Tramp isə Türkiyənin sələfi Barak Obama dövründə Rusiyadan silah almağa məcbur buraxıldığını deyərək Ankaraya sanksiyalar tətbiq etməkdən qacınır.
Dünən S-400 hava hücumundan müdafiə komplekslərinin Türkiyəyə çatdırılmasının ikinci mərhələsinə start verilib.
S-400-lərin birinci çatdırılması mərhələsində Ankara hava limanına 30 rus təyyarəsi enib.