20 Sentyabr 2019 09:14
2 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan hökuməti İsraildə səfirlik açmaq niyyətinə gəlib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda fəaliyyət göstərən “Verelq” nəşri məlumat yayıb.

İsrailin Azərbaycanın strateji müttəfiqi olmasına diqqət çəkən nəşrin yayımladığı məqalədə İrəvanın İsraildə səfirlik açmaq istəyinə etiraz edilib:

“İsrail üçün Ermənistan Rusiya və İranla strateji müttəfiq əlaqələrə malik bir ölkədir. Təl-Əvivin regional müttəfiqləri Türkiyə və Azərbaycandır. İsrailin Azərbaycanla milyonlarla dollarlıq hərbi müqavilələri var, bu ölkənin böyük bir yəhudi icması var, Təl-Əviv Azərbaycan neftini satın alır.

İsrail və Azərbaycan arasındakı dərin iqtisadi, enerji, hərbi-siyasi münasibətlərdən fərqli olaraq, Ermənistan-İsrail iqtisadi münasibətləri demək olar ki, sıfır səviyyədədir. İsrail üçün Azərbaycan Cənubi Qafqazda bir nömrəli müttəfiqdir.

Təl-Əvivin bölgədəki digər tərəfdaşı ABŞ-ın müttəfiqi olan, anti-Rusiya körpüsü olan və Türkiyə-Azərbaycan tandemi ilə bir çox sahədə yaxından əməkdaşlıq edən Gürcüstandır”.

Məqalədə vurğulanır ki, Ermənistanın İsraildə səfirlik açması Təl-Əvivin bu ölkəyə olan soyuq münasibətini dəyişməyəcək:

“İrəvan və Təl-Əviv arasında diplomatik münasibətlər 30 ildir mövcuddur, lakin bütün bu müddət ərzində İsrail nə investisiya planında, nə də hərbi-strateji əməkdaşlıq planında Ermənistana maraq göstərmədi. Səfirliyin açılmasının bütün bu problemləri həll etməsi ehtimalı azdır.

Bu anadək Yaxın Şərqdəki ərəb ölkələrinin çoxsaylı erməni icmalarını, habelə İranda nüfuza sahib olan və hətta parlamentdə və hökumətdə təmsil olunan İranın erməni icmasını təhlükə altına qoymamaq üçün İsraildə səfirlik açılmadı. Bu mənada belə bir addım Yaxın Şərqdəki erməni icmalarına təhlükə yarada bilər. Bu da İrandakı erməni icmasına münasibətə mənfi təsir göstərə bilər”.

Məqalədə bu kimi faktorları nəzərə alan Ermənistan hökumətinin bu niyyətindən imtina edəcəyi vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər