5 Noyabr 2019 09:05
2 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qədim Mesopotamiyada yaşayan şumerlər dünyada ilk mədəniyyəti yaradan xalq sayılır. Şumerlər həm də yazını kəşf ediblər. Təqvim, təkər, çoxmərtəbəli məbəd və yaşayış binaları, inkişaf etmiş suvarma sistemləri, rəqəmləri də onlar kəşf etmişdi. Elmə maraq göstərən ilk insanlar şumerlər idi. Yaşadıqları ərazilərdə yoxsulluq, quraqlıq və qıtlıq şumerləri çıxış yolu kimi elmə yönəltmişdi.

Teleqraf.com şumerlər haqda yazını təqdim edir.

Eramızdan əvvəl 4000-ci illərdə Dəclə və Fərat çayları arasında yerləşən quraq ərazilərdə Şumer mədəniyyəti formalaşmağa başladı. Bu qeyri-adi insanlar ən qədim yazı sistemi olan mixi yazısını kəşf etməklə tanınsalar da, eyni zamanda fərqli dini və ədəbi ənənənin əsasını qoymuş, riyaziyyat, siyasi idarəetmə, şəhərsalma və kənd təsərrüfatı kimi sahələrdə önə çıxmışdılar.

Şumerlərin kökəni mübahisəli olsa da, yaşadıqları dövrdə çox sayda şəhər-dövlətlər qurmuşdular. Bu şəhərlər piramida formasında, Ziqqurat məbədinə bağlı və divarlarla əhatələnmiş meqapolislər idi.

Eridu, Ur, Nippur, Laqaş, Kiş və Uruk ən böyük şəhər-dövlətlər sayılırdı.

Zəngin ticarət mərkəzi olan Urukun ətrafında uzunluğu altı mil olan müdafiə divarı vardı, əhalisinin sayı 40-80 min arasında dəyişirdi. E.ə. 2800-cü illərdə dünyanın ən böyük şəhəri Uruk idi.

Qadın kral

Antik Mesopotamiya ilə bağlı ən ön önəmli mənbələrdən biri “Kral siyahısı” adlanan və şumerlərin ən qədim krallarının adlarını və hakimiyyət tarixini göstərən gil lövhələrdir. Həmin mənbələrə görə, şumerlərin yeganə qadın hökmdarı Kubaba olub. E.ə. 2500-cü ildə Kiş şəhər-dövlətində taxta çıxan Kubabanın hakimiyyəti necə ələ keçirməsi və iqtidar illəri haqda çox az məlumat var. Lakin hakimiyyəti illərində Kişin qüdrətli dövlətə çevrilməsindən və soyundan olanların 100 il iqtidarı əllərində saxlamasından bəhs olunur.

Döyüşkən xalqlar

Ortaq dil və mədəni dəyərlərə sahib olsalar da, Şumer şəhər-dövlətləri bir-birinə qarşı savaşırdı.

Savaşlar bu şəhərlərdə tez-tez hakimiyyət dəyişikliyinə səbəb olurdu. E.ə. 2450-ci illərdə baş verən ilk savaşda Laqaş kralı Ennatum başqa bir şəhər-dövləti olan Ummanı məğlub etdi. Savaş nəticəsində Laqaş bütün Şumeri ələ keçirdi. Laqaş isə tarix boyu Mesopotamiyada mövcud olmuş saysız şəhər-dövlətlərindən biridir.

Bu savaşlar şumerləri hərbi qüvvə baxımından gücləndirməsə də, xarici hücumlar qarşısında köməksiz qoydu. Elamlar, akkadlar və qutların hücumlarına məruz qalaraq əsarət altına düşdülər.

Matirarxal sistem

Şumer dövlətlərinin ən hündür yerlərində məbədlər vardı, bunlar sosial həyatın mərkəzi sayılırdı.

Başlanğıcda matriarxal bir ictimai quruluşa sahib idilər. Bu quruluşda din adamları və hərbi zümrə birinci pillədə, xalq ikinci pillədə, kölə sinfi isə üçüncü pillədə dayanırdı.

Şumerlərin qurduqları dövlət dini idi, şəhər-dövlətlərin başında da din adamı olan krallar dururdu. Bir şəhərin baş rahibi, eyni zamanda o şəhərin başçısıydı. Bu gün də dünyada istifadə olunan “İncil”, “Tövrat” və “Quran”da da şumer dini inancı və fəlsəfəsinin izlərinin olduğunu iddia edənlər var.

Mixi yazının ortaya çıxması

Şumerlərin kəşf etdiyi mixi yazı min illər istifadə olunub.

Bu yazı gil lövhələr üzərində bir neçə hərfdən ibarətdir. Gil lövhələr daha sonra sobaya qoyulur və qurumaq üçün gün işığının altında saxlanılırdı. Şumerlər mixi yazıdan əvvəlcə hesablama və ticarət kimi gündəlik işlərdə istifadə edib.

Lakin zamanla tarixdən hüquq və ədəbiyyata qədər bir çox sahələrdə istifadə olunan yazı sisteminə çevrilib. Yazı bir çox dilə asan tərcümə olunduğu üçün min illər bir çox xalqlar tərəfindən istifadə olunub.

Şumerlərdə elm

Elm və texnika sahəsində digər xalqların önündə olan şumerlər riyaziyyat və həndəsənin təməllərini atmışdı.

Riyaziyyatın təməli olan dörd bölməni (vurma, çıxma, bölmə, toplama) tapmışdılar və dairənin sahəsini hesablamağı bilirdilər. Bununla yanaşı ili 360 gün, ayları 30 gün olaraq hesablayırdılar. Paralel olaraq, Günəş saatını da şumerlər tapıb. Günəş saatı təkcə günləri və ayları yox, Günəşin hərəkəti əsasında saatın vaxtını da müəyyən edirdi. Bütün bunlar riyaziyyat, həndəsə və astronomiyanın təməlləri sayılır.

Bir dəqiqənin 60 saniyə və bir saatın da 60 dəqiqəyə bərabər olduğu vaxt ölçüsünün kökəni Mesopotamiyaya gedib çıxır. Bunun kimi modern bir onsaylı sistem isə şumerlərdə vardı. Şumerlər 60 rəqəmli bir ölçü vahidindən istifadə edirdi.

Din və mifologiya

Şumerlərin dini inanc formaları olduqca mistik idi. Çoxtanrılı bir inanca sahib olmaqla yanaşı, hər şeyin bir tanrısının olduğuna inanırdılar. Şumerlərə görə, bu tanrılar insan görünüşlü, amma fövqəl gücə sahib idi. Şumer tanrıları nə istədiklərini söyləməz, ancaq insanlar onlardan nə istədiklərini soruşa və bunlara cavab ala bilərdi.

Şumer xalqı tanrılarla əlaqəni Ziqqurat adlanan məbədlərdə qururdu. Bu məbədlərə tanrılarla əlaqə qurduqlarına inanılan rahiblər başçılıq edirdi. Din adamları tanrılardan nə istədiklərini soruşur, ona qurbanlar kəsir və onlara əzab verməmələri dua edirdilər.

“Gilqameş” dastanı

Mesopotamiya ədəbiyyatının ən böyük nümunələrindən biri 300 sətirlik “Gilqameş” dastanıdır. Bu dastanda meşə yırtıcıları ilə döyüşən və ölümsüz həyatın sirrini axtaran bir Şumer kralının macəralarından bəhs olunur.

Bu qəhrəman Herakl kimi yarı tanrı olan bir xarakter kimi təsvir edilir. Tarixçilərə görə isə o, Uruk şəhərinin beşinci kralıdır. Yəni, tarixi şəxsiyyətdir. Maraqlıdır ki, Gilqameş obrazı şumerlərin “Kral siyahısı”nda yer alır və e.ə. 2700-cü illərdə yaşadığı ehtimal olunur.

Səyahət edən tacirlər

Vətənləri tikinti materialları, daş və minerallarla zəngin olmadığı üçün şumerlər tarixin ən erkən dəniz və quru ticarətini yaratmışdılar. Ən önəmli ticarət ortaqları isə mis ticarətini əlində cəmləmiş Dilmun adası (indiki Bəhreyn) idi.

Şumer tacirləri sidr ağacı almaq üçün qədim Azərbaycan və Livan ərazilərinə, qızıl və digər qiymətli zinət əşyaları əldə etmək üçün isə Oman və Hind okeanı hövzəsinə aylarla davam edən səfərlərə çıxırdılar.

Xüsusən də mavi rəngli daş olan lazurit daşına xüsusi maraq göstərirdilər. Bu daşları əldə etmək üçün Əfqanıstana qədər getdiklərinə dair sənədlər var.

Tarixçilərə görə, şumerlərin “Maqan” və “Meluxa” adlandırdığı ölkələr Misir və Efiopiya ola bilər.

Şumer pivəsi

Yazı, təkər, not və ədəbiyyatı kəşf etməklə yanaşı, şumerlər tarixdə ən qədim və ilk pivə istehsalçılarıdır. Arxeoloqlar e.ə. IV min ilə aid Mesopotamiya pivə istehsalına dair dəlillər tapıb. İstifadə etdikləri mayalama texnikası sirr olsa da, qatı halda olan pivəni arpadan hazırladıqları məlumdur. Pivə o qədər qatı olurdu ki, bunu qaşıqla da içirdilər.

Hətta şumerlərin Ninkasi adlı mayalama tanrıçası vardı. Tanrıçanın adına yazılmış mətnlərdə haqqında “səməni sulayan” və “torpağı oyadan” olaraq bəhs edilir.

Min illər gizli qalan sivilizasiya

Mesopotamiyanın e.ə. 2000-ci illərdə amorlar və babillər tərəfindən işğal edilməsiylə şumerlər tədricən mədəni kimliyini itirdi və siyasi güc olaraq da meydandan çıxdılar. Beləliklə onların tarixlərindən dilləri, adları və mədəniyyətlərinə qədər hər şey unudulmuşdu. Sirləri XIX əsrədək İraqın quraq çöllərində dəfn olunmuşdu.

Fransız və ingilis arxeoloqlar assuriyalılar haqda araşdırma aparanda şumerlərin minillər gizli qalmış sirləri də gün işığına çıxmağa başladı. Arxeoloqlar şumer rəssamlığı, şeiri və heykəltaraşlığının bir çox nümunələrini aşkar etməklə yanaşı, 500 mindən çox gil lövhə kəşf olundu. Hələlik bunların böyük bir qismi tərcümə olunmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər