9 Dekabr 2019 22:09
8 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun tələbələrinə Rusiya Prezidenti Vladimir Putinin necə rəqs etməsindən danışıb.

K.Knaysl “Soçi dialoqu” Rusiya-Avstriya İctimai Forumunda iştirak etmək üçün Moskvaya səfər edib. O, bu çərçivədə “Şahzadə Yevgeni” adlı kitabını təqdim edib. Təqdimatdan sonra bir tələbə sabiq nazirin toy günü V.Putinlə rəqs etməsi barədə sual verib. Sual auditoriyada uzun sürən gülüşə səbəb olub.

K.Knaysl cavabında gülümsəyərək qeyd edib ki, onun toyu həyatında gördüyü ən əyləncəli hadisədir.
“Mən çox darıxdırıcı toylarda olmuşam. Amma mənim toyum darıxdırıcı deyildi”, – deyə o bildirib.

Rəqsi xatırlayan sabiq xarici işlər naziri Rusiya Prezidentinin “çox yaxşı manera” mənasını verən “köhnə məktəb”ə sahib olduğunu vurğulayıb.
K.Knaysl qeyd edib ki, Putin rəqs başlamadan rəqs etiketində nəzakət elementi sayılan təzim edib.

“Bu köhnə məktəbi mənimsəmiş cənablarla ünsiyyət həmişə xoşdur. Vladimir Putinlə söhbətlər mənim üçün çox dəyərlidir. Əlbəttə, bu anın və bu rəqsin ictimaiyyət tərəfindən birmənalı qəbul edilmədiyi mənə aydındır. Ancaq bir məsləhət verə bilərəm ki, yalnız məlumat, fakt və kitablarla məşğul olmayın. Həyatda başqa şeylərin olduğunu da unutmayın”, – deyə sabiq nazir tələbələrə müraciətində deyib.

Rusiya Prezidenti keçən il Karin Knayslın toyunda iştirak edib. Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, V.Putin mərasimdə cəmi bir saat vaxt keçirib. Bu müddət ərzində V.Putin nikah mərasimində iştirak etməyi, alman dilində bir tost deməyi və gəlinlə rəqs etməyi bacarıb.


Müəllif: Səxavət Həmid