16 Dekabr 2019 12:10
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə donanmasına aid hərbi gəmi İsrailin “Bat Gali” adlı araşdırma gəmisini Aralıq dənizinin şərqində Şimali Kiprin hava sularından qovub.

Teleqraf.com xəbər verir ki, İsrailin “Kanal 13” televiziyasının müxbiri Barak Ravidin Tvitter hesabında yaydığı bu xəbər Türkiyə mənbələri tərəfindən təadiq olunub.

Türk mediası bəyan edib ki, bu hadisə noyabrın sonuncu həftəsində baş verib. Türk hərb gəmisi İsrail gəmisinə xəbərdarlıq edərək “Bölgəni dərhal tərk edin” tələbini irəli sürüb. Bundan sonra İsrailə aid neft-qaz araşdırma gəmisi dərhal ərazidən çıxıb. İsrail gəmisinin tərk etdiyi bölgənin Şimali Kipr Türk Cümhuriyyətinin cənub sularında olduğu ifadə edilib. Bu ərazidə ötən ay “Yavuş” araşdırma gəmisi türk donanmasının mühafizəsi altında neft-qaz axtarma işləri həyata keçirib.

İsrailli jurnalist Ravid iddia edib ki, gəmidə israilli və yunan mütəxəssislər olub. Qarşı tərəfin fikrincə, türk gəmisinin “Dərhal ərazini tərk edin” tələbini səsləndirdiyi ərazi Cənubi Kiprin (Yunan Kipri) dəniz sularına aiddir.

Xatırladaq ki, Türkiyə dəniz donanmasına aid sahil təhlükəsizlik gəmiləri Yunan Kipri ilə razılaşaraq qaz axtarışına gələn İtaliya, Fransa, İngiltərə, Almaniya və Malta bayraqlı 7-dən çox gəmiyə xəbərdarlıq edərək bölgədən çıxarıb.

İsrailin “Yerisəlim Post” qəzeti bildirir ki, Türkiyə Xarici İşlər Nazirliyi ötən həftə İsrailin müvəqqəti işlər vəkilini Ankaraya dəvət edərək Təl-Əvəvin Şərqi Aralıq dənizində planlaşdırdığı boru xəttinə dair xəbərdarlıq edib. Bu zaman Türkiyə ilə Liviya arasında imzalanan müqavilə istinad nöqtəsi kimi göstərilib. Yunan diplomata bildirilib ki, Kipr adası və Yunanıstan üzərindən İtaliyaya çatacaq 2 min kilometrlik boru xətti layihəsi Antalya sahillərində türk su sərhədlərindən keçir və rəsmi Ankara bu layihəyə razılıq verməyib.


Müəllif: Cavad