“Blomberq” agentliyi Rusiya və Türkiyə prezidentlərinin vasitəçiliyi ilə bu həftə Moskvada Liviyaya dair keçirilən görüşün detallarını yayımlayıb.
Teleqraf.com xəbər verir ki, “Kinli liviyalı general Putini necə aldatdı?” başlıqlı yazıda, qiyamçı general Xəlifə Haftarın Rusiya prezidentini aldatdığı qeyd edilib.
Məqalədə bildirilib ki, Kremldə qırmızı xalı ilə qarşılanan Haftarın Vladimir Putinlə görüşəcəyi ümidi baş tutmayıb. Gözləntisinin əksinə olaraq, qiyamçı general Moskvada Rusiya xarici işlər naziri səviyyəsində qəbul olunub.
Məlumatda Haftarın Putini gözlədiyi, bu ümidi baş tutmadığı üçün qəzəbləndiyi və Moskvanı tərk etdiyi bildirilib. Mənbə baş verənləri Putin üçün “uğursuzluq” adlandırıb: “Putin Liviyadakı tərəfləri atəşkəs sazişi imzalamaq üçün Moskvaya dəvət edəndə 76 yaşlı Haftarın əfsanəvi inadkarlığını nəzərə almamışdı”.
Məlumatda qeyd edilib ki, prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Liviyadakı qarşıdurma tərəfləri və BMT ilə razılaşmadan atəşkəs elan edib. Nəticədə Moskvada keçirilən görüşün nəticəsiz qaldığı vurğulanıb.
Görüşdə BMT tərəfindən tanınan Liviya Milli Sülh Hökuməti sazişə imza atsa da, Xəlifə Haftar bunun üçün vaxt istəyib, sazişə imza atmadan Moskvanı tərk edib.
“Blomberq” Liviya ilə bağlı konkret mövqeyi olmayan ABŞ-ın bölgədə bir Pilotsuz Uçan Aparatının (PUA) vurulmasından sonra atəşkəsin elan edilməsi üçün qiyamçı Haftara təzyiq etməyə başladığını bildirib: “Haftarı Moskvadan qaçmağa məcbur edən təklif isə Rusiyanın Tripoli kənarında nəzarət etdiyi bölgələrdən geri çəkilməsi ilə bağlı idi. Lakin Haftar bununla razılaşmadı və Moskvanı tərk etdi”.