Çində sətəlcəm kimi yayılan, sonradan koronavirusun yeni növü olduğu müəyyən edilən xəstəliklə bağlı dünya ölkələri ciddi tədbirlərə start verib.
Teleqraf.com xəbər verir ki, artıq Rusiya Çinlə sərhədlərdə gücləndirilmiş iş rejiminə keçib.
Rusiyanın səhiyyə nazirinin müavini Sergey Krayevoy qeyd edib ki, koronavirusa bu ana qədər Cənubi Koreya, Yaponiya və Tailandda rast gəlinib. O, əlavə edib ki, virus daha çox dəniz məhsulları ilə yayılır.
Çinlə Rusiyanın sərhədi və güclü ticarət əlaqələri olduğunu qeyd edən nazir müavini bildirib ki, bu virusa qarşı hazırlıqlara başlayıblar: “Çinlə sərhəddəki ticarət mərkəzində mütəxəssislərimiz Çindən Rusiyaya ixrac edilən mallara nəzarəti artırıb, eyni zamanda insanlara virusla bağlı informasiya verilir. Bu ana qədər ölkəmizdə virusa yoluxan insan yoxdur”.
Xatırladaq ki, ilk dəfə Çinin Hubeyi əyalətində rast gəlinən bu virusla bağlı Ümumdünya Səhiyyə Təşkiları Cenevrədə fövqəladə toplantı keçirib. Virusun yayılmasının qarşısının alınması ilə bağlı keçirilən iclasda bir çox ölkənin potensial risk altında olduğu bildirilib..
Bu virusdan Çində 6 nəfər vəfat edib.