Deputat Naira Zöhrabyan Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanı millət vəkillərini təhqir etməkdə ittiham edib.
Teleqraf.com xəbər verir ki, parlamentdəki “Çiçəklənən Ermənistan” fraksiyasının rəhbəri olan Zohrabyan artıq deputatların təhlükəsizliyi üçün qorxduğunu bildirib.
O, parlamentdə çoxluqda olan Baş nazir Nikol Paşinyanın “Mənim Addımım” Partiyasının üzvlərini də günahlandırıb:
“Bəzi oyun qaydalarını yaratmalıyıq, çünki belə bir atmosferdə işləmək artıq mümkün deyil. Artıq parlamentin kürsüsündən mənə ünvanlanan təhqirlərə dözmək niyyətində deyiləm.
Bəzilərini bu məsələ ilə əlaqədar olaraq məhkəməyə vermək niyyətindəyəm, çünki artıq birbaşa, açıq dillə şəxsimə ünvanlanan təhdid və təhqirlərdən narahatam. Təhlükəsizliyimlə bağlı müəyyən riskləri görürəm”.
Zöhrabyan vurğulayıb ki, ya parlament dəqiq oyun qaydalarını və heç kimin kənara çıxmayacağı “qırmızı xətləri” müəyyən edəcək, ya da sadəcə, dağılacaq.
Əlavə edək ki, Naira Zöhrabyan bir müddət əvvəl Nikol Paşinyanı elektron poçtuna haker hücumu təşkil etməkdə günahlandırıb.