Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Konstutisyaya dəyişiliklər ediləcək. Bu il referendum keçiriləcək. Xeyli dəyişiklik təklif olunub. Parlamentin və baş nazirin səlahiyyətlərinin artırılması və bir nəfərin iki dəfədən artıq prezident seçilməsinin yasaqlanması ilə bağlı çox yazılıb. Ancaq diqqətimi Putinin təklif etdiyi bir başqa maddə çəkir.
Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, V.Putin və onun tərəfdarları istəyirlər ki, Rusiya Konstitusiyada İkinci Dünya müharibəsində qalib kimi göstərilsin:
“Bunu belə əsaslandırırlar ki, guya Qərbdə tarixi həqiqəti dəyişmək istəyənlər var. Həqiqətən Qərbdəki bəzi dairələr İkinci Dünya müharibəsinin başlanmasına görə faşist Almaniyası ilə yanaşı son zamanlar keçmiş SSRİ-nin də məsuliyyət daşıdığını bildirirlər. Əlbəttə, Almaniyada Adolf Hitlerin 1933-cü ildə hakimiyyətə yiyələnməsi ilə qonşu ölkələrə qarşı işğalçı müharibələri danmaq olmaz. Ancaq bu elə həmin nasist Almaniyasıdır ki, sovet diktatoru Stalinlə gizli anlaşma nəticəsində Polşanı böldülər. Stalin nasist Almaniyasının İkinci Dünya müharibəsinin başlanması tarixinə, yəni Polşanın işğal edildiyi 1 sentyabr 1939-cu ilə səssiz qaldı. Halbuki, Fransa və Böyük Britaniya Polşaya müdaxilə edən Almaniyaya dərhal müharibə elan etdilər”.
E.Şahinoğlu hesab edir ki, Qərblə Rusiya arasında bu mövzuya dair mübahisələrin bizə aidiyyatı azdır:
“Bizə aid olan Rusiya Konstitusiyasına salınacaq maddədir. Məsələ burasındadır ki, faşist Almaniyası üzərində qələbəni yalnız ruslar təmin etməyiblər, bu müharibədə SSRİ-də yaşayan bütün xalqların, o cümlədən azərbaycanlıların da rolu olub. 600 min azərbaycanlı müharibə iştirakçısı olub, soydaşlarımızın yarısı geri qayıtmayıb. Əgər Rusiya Konstitusiyasına maddə əlavə edəcəklərsə, “müharibədə iştirak edən keçmiş sovet xalqları” yazmalıdırlar, əks halda Rusiya İkinci Dünya müharibəsi mövzusunda ikili standartlarda ittiham etdiyi Qərbdən heç nə ilə fərqlənməyəcək”.