İdlib ətrafında Bəşər Əsədin hücumlarını dayandırmaq məqsədilə dövrəyə girən türk əsgərləri bombardmançı təyyarələrin hücumuna məruz qalıb. Nəticədə 33 əsgər şəhid olub, 36-sı isə yaralanıb. Türkiyənin tələbi ilə NATO fövqəladə toplantı çağırıb. Bu fonda İncirlik hərbi bazasında baş verən proseslər maraqla izlənilir. 2 ədəd F-16 və bir ədəd pilotsuz uçuş aparatı bazadan qalxıb, 1 helikopter və xüsusi təyyarə isə eniş edib. Versiyalara görə, İncirlik bazası NATO-nun 5-ci maddəsini tətbiq etməyə çalışır. Bəs NATO Türkiyəni müdafiə etmək üçün hansı addımı atacaq?
Məsələni Teleqraf.com-a şərh edən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirib ki, Türkiyə NATO-nun aparıcı ölkəsidir və onun ərazisi bütövlüyünə təhlükə yaransa, NATO-nun 5-ci maddəsi tətbiq oluna, müdaxilə edə bilər. Hazırda NATO-nun necə reaksiya verəcəyi bəlli deyil. Reallıq ondan ibarətdir ki, Türkiyənin ərazisində bir neçə milyon miqrant var, Suriyadan axın davam edir, İdlib gərginliyindən sonra bu axın yenə davam edə bilər. NATO bunu da nəzərə almalıdır.
NATO-nun müdaxilə edəcəyini real görməsəm də, nəzərə almaq lazımdır ki, Qərbin Rusiya ilə münasibətləri gərgindir:
“Onlar Rusiyanın qırmızı xətti keçdiyini hesab edərsə, NATO müdaxilə edəcək. NATO əslində Türkiyəni müdafiə etmək, dəstəkləmək istəyir. Vəziyyət sual altındadır. Bununla belə inanmıram ki, NATO Suriyaya daxil olub, birbaşa Türkiyəni müdafiə edəcək. Hazırkı vəziyyəti, Türkiyənin Qərblə soyuq münasibətlərini , Rusiyanın Suriyadakı amilini nəzərə alsaq, birbaşa qoşun göndərməyəcək, amma dolayı ilə müxtəlif istiqamətlərdə Türkiyəni müdafiə etməyə çalışacaq”.
Politoloq əlavə edib ki, NATO Türkiyənin təhlükəsizliyinə təhdid olanda onun yanında olmalıdır:
“Rəsmi Ankaranın NATO-dan kömək gözləmək ixtiyarı var. Bu mənada tələb irəli sürərək xüsusi iclas çağırılmasına nail oldu”.